Makron və Paşinyan: iki uğursuzun duetinin yeni məqsədi nədir?

 Fransa və Ermənistanın Azərbaycanın informasiya məkanına və ictimai rəyinə təsir etmək cəhdləri artıq sadəcə lokal kampaniyalar səviyyəsində deyil, daha genişmiqyaslı və məqsədyönlü strategiyalar çərçivəsində həyata keçirilir. Bu yanaşma COP29 çərçivəsində açıq şəkildə nümayiş olundu və son illərdə Qərbin müxtəlif ölkələrinin Azərbaycanı hədəfə alan informasiya hücumlarının tərkib hissəsinə çevrildi.
Bəhs etdiyimiz hücumların önündə Fransa var.
COP29 çərçivəsində keçirilən tədbirlər zamanı Fransa və Ermənistanın Azərbaycan əleyhinə təşkil etdiyi beynəlxalq kampaniya bir daha onların regionda manipulyasiya strategiyalarına üstünlük verdiyini göstərdi. Bu kampaniyanın diqqətçəkən elementlərindən biri isə “Qreta Tunberq əməliyyatı” idi. Məqsəd 31 yaşlı ekoloji aktivistin imicindən istifadə etməklə Azərbaycanı və qonşu Gürcüstanı beynəlxalq səviyyədə hədəfə almaq idi.
Di gəl, bu cəhdlər gözlənilən nəticələri vermədi və əksinə, təşkilatçıların məqsədlərini ifşa edərək onların bacarıqsızlığını və niyyətlərini bir daha təsdiqlədi.
“Qreta Tunberq əməliyyatı”ının əsas məqsədi COP29 zamanı Azərbaycanın ekoloji sahədəki uğurlarını kölgədə qoymaq və beynəlxalq arenada ölkənin imicini zədələmək idi. Eyni zamanda, Gürcüstanın daxili ictimai-siyasi həyatına təsir göstərmək və bu iki ölkə arasında süni problemlər yaratmaq planlaşdırılırdı. Həmin ssenari çərçivəsində Tbilisidə qadın hüquqları mövzusu üzərindən müxtəlif aksiyalar təşkil edildi. Aksiyalarda Azərbaycan müxalifətçiləri, erməni separatizmini dəstəkləyən radikal qruplar və feministlər bir araya gəldi.
Əvvəlcədən razılaşdırılaraq idarə olunan bu kafe-şantan şousu bir tərəfdən Azərbaycanın daxili cəmiyyətinə təsir etmək, digər tərəfdən isə beynəlxalq rəy formalaşdırmağa xidmət edirdi.
“Plan” nəinki gözlənilən nəticələr vermədi: tam əksinə, Azərbaycan cəmiyyəti üçün bu aksiyaların sifarişli mahiyyəti tamamilə aydın oldu. Xüsusilə bu kampaniyada iştirak edən bloqçuların təxribatçı fəaliyyəti və yayımladıqları qərəzli məlumatlar onların arxasında hansı qüvvələrin dayandığını bir daha ifşa etdi. Sosial mediada və yerli mediada geniş müzakirələr zamanı bu cəhdlərin sifarişli olduğu vurğulandı və Azərbaycan cəmiyyəti bu təxribatlara qarşı möhkəm dayanışma nümayiş etdirdi.
Bundan əlavə, kampaniyanın əsas fiqurlarından biri olan Qreta Tünberqin imicindən istifadə edilməsi də gözlənilən təsiri yaratmadı. Azərbaycan cəmiyyətində və regionun digər ölkələrində Qərb tərəfindən “tanınmış simaların” bu cür manipulyasiyalarda iştirakı çoxdan mənasız işə döndüyündən Qretanın çağırışları nə Azərbaycanda, nə də Ermənistanda ciddi qəbul edilmədi. Şimali Avropa ölkələrində müəyyən rəğbət qazanan Tunberqin şousu cəmiyyətimizdə heç bir rezonans doğurmadı, doğura da bilməzdi.
“Əməliyyat”ın Ermənistan cəmiyyətinə təsiri də gözlənildiyi kimi olmadı. Ermənilərin sosiumunda belə beynəlxalq kampaniyalara maraq yetərincə aşağı səviyyədədir. Ölkə daxilində ağır sosial-iqtisadi vəziyyət, korrupsiya və siyasi xaos ermənilərin diqqətini başqa hədəflərə yönəldib.
Bəhs etdiyimiz səbəbdən İrəvana yollanmış Qreta Tunberqin oradakı isterik çağırışları Ermənistanda da geniş dəstək qazana bilmədi.
Eyni zamanda, baş verənlər onu da göstərdi ki, baş nazir Nikol Paşinyanın və dəstəsinin yerli cəmiyyəti səfərbər etmək qabiliyyəti yoxdur.
Qlobal miqyasda mass-mediada da Qreta Tünberqə olan maraq son illərdə nəzərəçarpacaq dərəcədə azalıb. Onun adı ilə həyata keçirilən aksiyalar artıq əvvəlki kimi geniş əks-səda doğurmur. COP29 çərçivəsində təşkil olunan kampaniya isə, ümumiyyətlə, Azərbaycan əleyhinə hazırlanan digər təxribatçı aksiyalar kimi təsirsiz oldu.

Fransanın bu əməliyyatda əsas təşəbbüskar olması onun regiondakı ikili standartlarını bir daha sübut edir. Digər tərəfdən, bu, Fransanın Ermənistanla strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirmək cəhdi kimi qiymətləndirilə bilər. Fəqət rəsmi Paris məzkur ssenari vasitəsilə Azərbaycana qarşı “effektiv addım” ata bilməməklə yanaşı, manipulyativ siyasətini daha aydın şəkildə ortaya qoydu. Bu, həm də Azərbaycanın beynəlxalq ictimaiyyətdə nüfuzunu qoruyub saxladığını və xarici təxribatlara qarşı müqavimət gücünün artırdığını bir daha göstərdi.
Təbii, Fransa və Ermənistanın informasiya müharibəsi sahəsində birgə fəaliyyəti təkcə COP29 çərçivəsi ilə məhdudlaşmır. Emmanuel Makronun İrəvana verdiyi total siyasi və diplomatik dəstək Ermənistanın təkcə regionda deyil, Avropada da mövqelərini gücləndirmək cəhdlərini göstərir. Fransanın məqsədi bir daşla iki quş vurmaq idi: həm Gürcüstandakı daxili siyasi vəziyyətə müdaxilə etmək, həm də Azərbaycanın beynəlxalq imicini zədələmək.
Fransa, həmçinin, ölkəmizi “ekoloji problemləri həll etməyən dövlət” kimi təqdim etməyə çalışır. Bununla yanaşı, Fransa mediası vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli məqalələr dərc olunur. Həmin paskvillər Ermənistanın dezinformasiya kampaniyalarının məhsulu olan məlumatlarla zənginləşdirilsə də, Azərbaycanın regiondakı strateji üstünlüyü və obyektiv məlumatların yayımlanması frankoerməni propaqandasının təsirini azaldır.
Parislə İrəvan artıq ənənəvi informasiya müharibəsi metodlarının təsirsizliyini anlayaraq, sosial media üzərindən yeni manipulyasiya strategiyalarını həyata keçirməyə çalışırlar. Yeni “metodologiya”nın əsas məqsədi Azərbaycan cəmiyyətində inamsızlıq toxumları səpmək, daxili ziddiyyətləri alovlandırmaq və ölkənin beynəlxalq imicinə zərbə vurmaqdır.
Makron-Paşinyan duetinin reallaşdırdığı strategiyanın əsas hissələrindən biri daha geniş auditoriyaya xitab edən YouTube kanalları vasitəsilə təsir gücünü artırmaqdır. Həmin kanalların tərkibində qərəzli və manipulyativ məlumatlar yaymaqla, Azərbaycan cəmiyyətində həm adi vətəndaşların, həm də elitar qrupların fikirlərini manipulyasiya etməyə çalışırlar.
Xüsusilə, bu kanallarda istifadə ediləcək əsas vasitələrdən biri, müxtəlif sosial qrupların rəğbətini qazanmağa hədəflənmiş xarakterlər və obrazlardır. Misal üçün, xüsusi olaraq gənc, təhsilli və cəmiyyətdə nüfuz sahibi kimi təqdim olunan qadın obrazının yaradılması planlaşdırılır. Bu obraz vasitəsilə müxtəlif sosial təbəqələrə təsir göstərmək, Azərbaycan cəmiyyətində Fransa və Ermənistanın maraqlarını yaymaq və daxili qarşıdurmaları alovlandırmaq məqsədi güdür.
Bəhs etdiyimiz strategiyanın bir hissəsi olaraq, sosial şəbəkələrdə qarşıdurmaları alovlandırmaq məqsədilə müxtəlif mövzular qabardılır. Azərbaycanın milli məsələləri, etnik müxtəliflik və həssas sosial problemlər qərəzli şəkildə təqdim olunur. Fransa və Ermənistanın dəstəklədiyi bu qruplar, müzakirələr və şərhlər vasitəsilə cəmiyyətdə parçalanma yaratmağa çalışırlar. Xüsusilə həssas etnik və dini məsələlərin qabardılması və bu mövzular ətrafında mübahisələrin təşviq edilməsi əsas manipulyasiya vasitəsidir.
“Sosial media strategiyası” ilə bahəm, Ermənistan Azərbaycanın sərhədyanı bölgələrində etnik qarşıdurmalar yaratmağa çalışır. Bu cür təxribatların məqsədi Azərbaycanın daxili sabitliyini pozmaq və beynəlxalq diqqəti ölkə üzərinə çəkməkdir. Ermənistanın bu təxribatları Qərbin bəzi humanitar təşkilatları ilə birgə həyata keçirilməsi də diqqət çəkir. Bu təşkilatların təmsilçiləri vasitəsilə yayılan qərəzli məlumatlar, Ermənistanın dezinformasiya kampaniyalarına dəstək verir.
Manipulyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan cəmiyyəti Fransa və Ermənistanın təsirinə qarşı kifayət qədər müqavimət göstərir. Xüsusilə Azərbaycan mediasının və sosial şəbəkə istifadəçilərinin məlumatlı olması, bu kampaniyaların təsirini azaldır. Sosial mediada manipulyasiyaların aşkar edilməsi və bu barədə geniş ictimai məlumatlandırma kampaniyalarının aparılması, manipulyatorların effektivliyini aşağı salır.
Azərbaycan cəmiyyəti həm də milli həmrəylik və birgə müdafiə mövqeyi ilə bu cür təxribatlara qarşı durmağa davam edir. Fransa və Ermənistanın informasiya müharibəsi strategiyaları, açıq-aşkar məqsədlərindən dolayı ifşa edilir və cəmiyyət tərəfindən rədd olunur. Bu isə göstərir ki, yeni manipulyasiya metodları da əvvəlkilər kimi uğursuzluğa düçar olacaq.
Fransa və Ermənistanın sosial mediadan istifadə edərək Azərbaycan əleyhinə həyata keçirdikləri manipulyasiya strategiyaları onların informasiya müharibəsi taktikalarının yeni mərhələyə keçdiyini göstərir. Amma Azərbaycan cəmiyyətinin yüksək məlumatlılıq səviyyəsi və milli həmrəyliyi, bu cür cəhdləri təsirsiz hala gətirir.
Azərbaycan cəmiyyəti Fransa və Ermənistanın manipulyasiya cəhdlərinə qarşı özünü müdafiə etməkdə kifayət qədər təcrübə qazanıb. Makron-Paşinyan duetinin zəif yeri məramlarını çox açıq və kobud şəkildə ortaya qoyulmasıdır. Bu isə Azərbaycan vətəndaşlarının həmin kampaniyalara inamını yox edir. Daha da önəmlisi: Azərbaycanın media məkanı kifayət qədər müstəqil və güclü olduğu üçün xarici təsirləri tezliklə ifşa edir. Bundan əlavə, Azərbaycan diasporu da beynəlxalq arenada bu cür kampaniyalara cavab verir. (“Trend İA”)