İcra hakimiyyətlərinə maliyyə ayrılmasa rayonlarda nə baş verər? – Eksperdən TƏKLİF

“Bu sistemin tətbiqi həm regionların inkişafı və dövlət büdcəsinə qənaət edilməsini, həm də büdcəyə əlavə vəsaitlərin daxil olunmasının təmin edəcək”.
Bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.
Onun sözlərinə görə, regionların inkişafını bu cür təmin etmək olar:

“Bilirisiniz ki, ölkə başçısı Cənab Prezident İlham Əliyev regionların inkişafı məsələsini xüsusi nəzarətdə saxlayır və bu illər ərzində milyardlarla vəsaiti regionların inkişafına yönəldir. Ayrılan vəsaitlərin müqabilində görülən işlər o qədər də ürək açan deyil. Qazanmadığın pulları xərcləməyə nə var ki? Baxın, Cənab Prezident dəfələrlə icra başılarına rayona investisiyaların cəlb edilməsi üçün tapşırıq verib, lakin baxsaq bəzi rayonlarda hələ də vəziyyət ürəkaçan deyil. Çünki arxayınlıq yaranıb ki, bunu etsələr də, etməsələr də, onsuzda onlara dövlət büdcəsindən maliyyə ayrılacaq. Belə olduğu halda regionlarda hansı inkişafdan danışa bilərik? Düşünürəm ki, regionlara vəsaitlər yalnız öz qazandırdıqlarının müqabilində ayrılmalıdır. Bu sistemin tətbiqi həm regionların inkişafı, və dövlət büdcəsinə qənaət edilməsini, həm də büdcəyə əlavə vəsaitlərin daxil olunmasının təmin edəcək. Və özlüyündə biznes mühitinin, turizmin inkişafının, yerli və beynəlxalq investorların cəlb edilməsi proseslərini gətirib çıxaracaq”.

Ekspert bildirir ki, pilot layihə kimi bir və ya bir neçə regiondan başlamaqla bu sistemi başlatmaq olar.
“Təbii ki, biz bu sitemi birdən birə tətbiq edə bilmərik. Bunun üçün İlk öncə pilot layihə kimi bir və ya bir neçə region təyin etməliyik. Daha sonra həmin icra başçısı sistemli və ölçülə bilən idarəetmə mexanizmi ilə işə başlamalı və rayonun ümumi rifahı üçün hədəflər bəlirləməlidir. Kənd təsərrüfatı, heyvandarlıq, turizm, istehsal və s sahələrini təkmilləşdirərək yeni bazarlara çıxış proseslərini də  təmin etməlidir. Bir sözlə, rayonun inkişaf və idarəetməsini mükəmməl şəkildə irəliyə doğru apararaq büdcəyə yeni maliyyə vəsaitlərinin daxil olunmasını təmin etməlidir. Ondan sonra dövlətə rayonun inkişaf planlarını təqdim edərək, öz qazandırdığı maliyyə vəsaitindən lazımı miqdarda ayrılması üçün müraciət edə bilər. Hədəflər və planlar olan hər bir sahədə rəqabət yaranır və rəqabət də hər zaman inkişafa aparır. Bax o zaman regionların inkişaf dövrü dövlət hesabına deyildə,öz hesablarına başlamış sayılacaq”, deyə F.Əliyev təkliflə çıxış edib.