COP29-un uğuru bədxahlarımızı məyus elədi

 
Azərbaycanın ciddi şəkildə hazırlaşıb, məsuliyyətlə başlayıb, uğurla yekunlaşdırdığı bu möhtəşəm beynəlxalq tədbir dövlətimiz üçün əhəmiyyətli, xalqımız üçün isə səmərəli oldu. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın diplomatik mövqeyinin güclənib geniş miqyas alması, xalqımızın tərəqqisi üçün önəmli olan bu konfrans həm də dünyada dayanıqlı və “yaşıl” gələcək qururlmasına zəmin yaratdı.
Konfrans günlərində qürurverici məqamlarla çox üzləşdik. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevi dünyanın 70-dən artıq dövlət və hökumət başçıları ilə yanaşı görəndə nə zamansa olimpiada tarixi haqqında oxuduğum kitabdakı maraqlı məqamı xatırladım. Orada yazılırdı ki, müharibələrə görə olimpiya oyunlarına bir neçə il fasilə veriləndən sonra kimsə bu yarışların davam etdirilməsi təşəbbüsünü irəli sürür. Həmin məqsədlə Makedoniyalı İsgəndərin yanına da elçi göndərilir ki, yarışlarda iştirak etsin. İsgəndərin cavabı maraqlı olur: “Orada bütün krallar, dövlət başçıları iştirak edəcəksə, mən məmnuniyyətlə qatılaram”.
Azərbaycan Prezidentinin sülh və əmin-amanlığın bərqərar edildiyi region, sabit Avrasiya və çoxtərəfli əməkdaşlıqların səmərəli məcraya yönəldilmiş dünya naminə daim, bir çox hallarda təkbaşına mübarizə apardığı hamının gözü qarşısında idi. Prezident İlham Əliyevin daha mütərəqqi cəmiyyətlər, daha firavan ölkələr və fəsadsız sabahlar üçün dünyanın əksər dövlət və hökumət başçıları ilə birlikdə çalışdığının da şahidinə çevrildik.
BMT-nin təşkil etdiyi ən böyük beynəlxalq tədbirlərdən birinin – COP29-un ölkəmizdə keçirilməsi bütün ölkələr üçün əhəmiyyətli olsa da, ən çox Azərbaycanın maraqlarına cavab verdi. Çünki 44 günlük İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən sonra Azərbaycanın yaratdığı yeni reallıqlara xor baxanlar rəsmi Bakının ünvanına cəfəngiyyatlar səsləndirir, xalqımıza və liderimizə qarşı təzyiq və təhdidlərlə çıxış edirdilər. COP29 həmin “xor” kapellasına cavab vermək baxımından olduqca səmərəli oldu. İşğalçı Ermənistana himayədarlıq edən, kimlərisə revanşa inandırmağa çalışan siyasi dairələr dünya teleekranlarından gördülər ki, Azərbaycan, sözün həqiqi mənasında, güclü dövlətdir.
İkinci mühüm uğur isə ölkəmizin ekoloji dayanıqlılıq, bərpaolunan enerji mənbələri və “yaşıl” iqtisadiyyat istiqamətində göstərdiyi səylərin dünyada tanıdılması oldu. Burada yüzlərlə ölkənin hökumət nümayəndələri, ekspertlər, qeyri-hökumət təşkilatları və işgüzar sektor bir araya gələrək öncə Azərbaycanın bu çərçivədə həyata keçirdiyi tədbirlərlə tanış oldular, sonra isə məlum istiqamətdə daha sivil və modern addımlar atılması ətrafında müzakirələrə qatıldılar.
Ekspertlərin fikrincə, dünyamiqyaslı bu konfransın ölkəmizdə keçirilməsi Azərbaycan üçün əhəmiyyətli bir hadisə olmaqla yanaşı, müxtəlif sahələrdə tərəqqi əldə etməyimiz üçün də yeni imkanlar yaradır. Dövlət başçımızın fikrincə, COP məkanında aparılmış müzakirələr və əldə edilmiş razılaşmalar Azərbaycan iqtisadiyyatının “yaşıl” texnologiyalara keçidini sürətləndirəcək, enerji sektorunda bərpaolunan mənbələrə üstünlük verilməsi istiqamətində addımların daha geniş miqyasda atılmasına təkan verəcəkdir.
Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti hələ COP29-un başlanmasına xeyli qalmış demişdi ki, bu tədbirə evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün, həqiqətən, böyük şərəfdir: “Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən, yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.
Nəticə ondan ibarətdir ki, Azərbaycan məsuliyyət və səylə hazırlaşdığı böyük beynəlxalq tədbirin bütün əvvəlki COP-lara nisbətən daha mütəşəkkil şəkildə keçirilməsinə nail oldu. Bu il noyabrın 11-dən 23-dək ölkəmizdə olan dünya ictimaiyyəti təmsilçilərinin yekdil qərarı bu oldu ki, rəsmi Bakı ən mürəkkəb, çoxistiqamətli tədbirləri asanlıqla reallaşdıra bilir. Hətta Rusiya rəsmiləri gördüklərinə inana bilmirdilər ki, bu qədər çoxsaylı məclis və müzakirələr necə planlaşdırılıb ki, heç bir problem yaşanmır? Serbiya təmsilçiləri isə bir-birinə sual verirdilər ki, COP konfranslarını bu şəkildə daha hansı ölkə reallaşdıra bilərdi?
Mühüm nəticələrdən biri də odur ki, bu tədbir Azərbaycanın dünya siyasətinin ön cərgəsinə çıxdığını sübut etdi. COP29 təsdiq etdi ki, rəsmi Bakı beynəlxalq miqyasda özünəməxsus siyasət aparır, qlobal oyunçu kimi özünü təsdiq edir. Bakı isə dünya siyasətinin müzakirə olunduğu mühüm mərkəzə çevrilməkdədir. Bu tədbirin uğurla başa çatdırılması COP29 ərəfəsində və dünya rəsmilərinin Bakıya toplaşdığı günlərdə ölkəmizə qarşı təşkil edilən hücumların hamısının uğursuzluğa düçar olduğunu göstərdi.
Azərbaycan COP29-dan sonra öz siyasətinə, diplomatiyasına, hərbi qüdrətinə, iqtisadiyyatına və ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinə dostlarımız üçün sevindirici, bədxahlarımız üçün isə arzuolunmaz güc əlavə etdi.  
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 
 



Mənbə