QHT: İqlim maliyyələşdirilməsi Qlobal Şimalın etdiyi talanın kiçik bir hissəsidir

Qlobal Şimal ölkələri təkcə 2030-cu ilə qədər dekarbonizasiya olunmamalı, həm də iqlim böhranının təsirlərinin yumşaldılması səylərinin “pulsuz istifadəsini” dayandırmaq üçün 1 trilyon maliyyə vəsaitini təmin etməlidir.

Bunu Böyük Britaniyanın “War on want” QHT-nin nümayəndəsi Əsəd Rəhman “İqlim Ədaləti üçün Qlobal Kampaniya (DCJ)” şəbəkəsinə daxil olan beynəlxalq QHT-lərin nümayəndələrinin mətbuat konfransında bildirib.

“Buna görə də vətəndaş cəmiyyəti 5 trilyonla bağlı çağırış edəndə, biz deyirik ki, bu, qarət edilənlərin və Qlobal Cənuba olan borcun kiçik bir hissəsi belə deyil. ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Yaponiya və Avstraliya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) iki və ya hətta üç dəfə artırmalıdır”, – QHT nümayəndəsi deyib.

Öz növbəsində, “Oil Change International”ın nümayəndəsi Kolin Risa deyib ki, xüsusilə ABŞ və ümumiyyətlə Qlobal Şimal tərəfindən maliyyə çatışmazlığı ilə yanaşı, bu konfransda təsirlərin yumşaldılması və qalıq yanacaqdan imtina məsələsində də irəliləyiş müşahidə olunmur.

“Bu keçidə Qlobal Şimal rəhbərlik etməlidir, çünki həm bunu etmək qabiliyyətinə malikdir, həm də problemin böyük və bəlkə də əsas hissəsidir. Mənim ölkəmdə biz irəliləyiş görmürük. ABŞ-də Cozef Bayden qalıq yanacaq hasilatının artırılmasına icazə verməyə davam edir, bərpa olunan enerji mənbələri üçün bəzi subsidiyaların verilməsinə və mühüm addımların atılmasına baxmayaraq, neft-qaz sənayesinə qarşı tədbirlər görməkdən imtina edir və iqlim böhranının əsas səbəbi olan qalıq yanacaq məsələsini həll etmir”, – o qeyd edib.

“Bu tendensiya burada COP-da davam edir, biz görürük ki, həmin Qlobal Şimal ölkələri təsirlərin daha çox yumşaldılmasını istədiklərini söyləyərək digər ölkələri aldadır. Bu problem əvvəlcə öz daxilində həll edilməlidir. Bu problemin əsas günahkarları özümüz olduğumuz halda Qlobal Şimalın və xüsusilə ABŞ-nin qalıq yanacaqdan imtina üzrə fəaliyyətin çatışmazlığından danışması böyük riyakarlıqdır”, – K.Risa bildirib.