Azad Ağdam Şəhər gününü qeyd edir

“Mən dedim və bir daha təkrar edirəm, Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz və müqəddəs şəhər və rayondur”. 
Ulu Öndər Heydər Əliyev

1993-cü ildə iyulun 23-də Ağdam rayonu ərazisinin 800 kvadrat kilometrdən çox hissəsi, yəni ümumi ərazisinin 70 faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil olub, 1871 uşaq yetim qalıb. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşüb.
Rayonun ərazisində 1950-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar.
Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilib. Ağdam bölgəsində Xaçın – Dərbəndli kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, həmçinin, Ağdam tarix diyarşünaslıq muzeyi Qurban Primovun xatirə muzeyi, Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi olub.
30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan Zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı.
Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini – İlham Əliyevi yetişdirməsi olmuşdur.
Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Dövlətimizin başçısının yürütdüyü siyasətin başlıca məqsədi, atdığı bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsi olmuşdur. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. Prezident İlham Əliyev müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı.
Zəfər Paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu. Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut etdi.

Aynur Xəlilova – politoloq