Şəhər Gününüz mübarək, əziz Ağdamlılar!

20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
Müraciətdə qeyd olunur ki, “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir.
Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.
Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edildi. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edildi. Təsadüfi deyil ki, jurnalistlər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıblar.
44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdi. Cənab Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi sayəsində   düşməni kapitulyasiya aktına – üçtərəfli bəyanata imzalamağa vadar etdi. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları  heç bir itki verilmədən, döyüş əməliyyatları aparılmadan Azərbaycana təslim edildi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. 2021-2023-cü illərdə ölkə başçısının Ağdama daha bir neçə səfəri oldu. Bu səfərlər zamanı 2021-ci ildə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimləri keçirildi, 2021-ci il mayın 28-də həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi.
2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin,  Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının,  daha bir yaşayış məhəlləsinin təməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə,  Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq oldu, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirildi.
2023-cü il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Artıq Ağdam şəhəri üç ildir ki, azaddır. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir.
Keçən il isə Ağdamlılar ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günün – noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd ediblər. Beləliklə, həmin gün bütün ağdamlılar üçün əlamətdar bir günə çerilib.

 Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası