Ölkəmiz kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

 
2024-cü ildə Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Cənab İlham Əliyevin növbəti qələbəsidir. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. 
Azərbaycan Respublikası 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə layiqli töhfə vermiş və beynəlxalq siyasi həyatın fəal iştirakçısı kimi prinsipial mövqe nümayiş etdirmişdir. İndi ölkəmiz iki beynəlxalq təşkilata – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. 
Noyabrın 13-də Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışında bildirmişdir ki, “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.
Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.
Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Həmçinin dövlət başçımız xüsusilə qeyd etmişdir ki, “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.
1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.
Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.
 
Aynur Xəlilova – politoloq
 



Mənbə