COP29 informasiya müharibəsində gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, COP29 tədbirinin Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. COP29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil. Bu, həm də insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq.
Dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsi və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsi birbaşa insan faktoru, sağlamlığı ilə bağlıdır. Çox müsbət haldır ki, ölkəmiz bütün resursları ilə bu prosesə dəstək verir.
COP29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Çünki belə toplantı ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bundan əlavə COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün vacib istiqamətlər müəyyənləşdirəcək.
Burada çox vacib məqamlardan biri odur ki, Azərbaycan ətraf mühitin qorunmasına, dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsinə və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsinə öz töhfəsini verməklə bərabər ölkəmizin zəngin təbii resursları, Qarabağda əhəmiyyətli quruculuq işləri ilə bağlı dünyaya məlumatlar çatdıracaq. Hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə, turizm potensialı, zəngin mədəniyyəti, milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olacaqlar. COP29 toplantısı həm də Azərbaycanın dünyaya yeni baxışını ortaya qoyacaq.
Digər tərəfdən 30 illik işğal dövründə ermənilərin Azərbaycanın ekologiyasına, meşə fonduna, saysız-hesabsız tarixi abidələrimizə vurduğu ziyanla bağlı real görüntüləri, təkzibolunmaz faktları əcnəbilərə təqdim etmək imkanı yaranacaq. Biz bu imkanlardan yararlanmalıyıq. Son 30 ildə ətraf aləmə qarşı ermənilərin törətdiyi vəhşiliklərlə xaricdən gələn qonaqlar da tanış olmalıdır. Bütün bu amillər ölkəmizin haqlı, ədalətli mövqeyini bir daha nümayiş etdirəcək. Düşünmək olar ki COP29 informasiya müharibəsində gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açacaq.
Əkrəm Bəydəmirli