Azərbaycan Ordusunun Zəfər yolu

Azərbaycan xalqı üçün 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu.  Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu.
Rəşadətli ordumuz qısa müddətdə 30 il ərzində düşmənin milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları darmadağın edərək  həsrətimizə son qoydu. Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər.
Əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən bayram kimi, böyük sevinclə qarşılandı.
2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli bəyanatın  bütün bəndləri Azərbaycanın milli və dövlət maraqlarına uyğun idi. Sənədin bəndləri işğal altında qalan digər rayonların da azad olunmasını nəzərdə tuturdu. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq 20 noyabrda Ağdam,  25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada da qaldırıldı.
Zəfər Savaşı adlandırılan və bütün dünyanın diqqət mərkəzində olan, hələ də araşdırılaraq örnək götürülən 44 günlük müharibə hər zaman sülh şəraitində yaşamaq istəyən Azərbaycan xalqının istəyini, arzusunu reallığa çevirdi. Bu reallıq isə, sülh istəyinin müqabilində müharibəyə hazır olmaqla, şərəfli, müzəffər orduya sahib olmaqla gerçəkləşdi.
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda müasir ordu quruculuğu prosesi yeni mərhələsinə başladı, müasir silahların, texnikanın, texnologiyanın əsasında silah-sursatın, hərbi texnikanın alınması reallaşdırıldı. Təsadüfi deyil ki, 44 günlük müharibə, 21-ci əsrin müharibəsi kimi dəyərləndirilib və yeni nəsil silahlar, onlardan istifadə, döyüş taktikası dünyanın hərbi dairələrində hələ də müzakirə mövzusudur.
Bütün dünyaya işğal faktı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan xalqının və dövlətinin iradəsini hər kəs izlədi. Dünya ölkələrinə bir daha əyan oldu ki, Prezi­dent İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşiz­minin başını əzdi – təcavüzkarı layiqincə cəzalandırdı.
Müzəffər Ali Baş Komandanın prinsipial siyasəti, qətiyyətli möv­qeyi və xalqımızın onun ətrafında sıx birləşməsi və şübhəsiz ki, Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər bizim illərdir əyilmiş qəddimizi düzəltdi. Tariximizə böyük bir töhfə bəxş etdi.
Keçən il oktyabrın 15-də isə şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil.
Bu gün şəhidlərimiz də məzarda rahat uyuya bilərlər. Həm qisasları alınıb, həm də can verdikləri Vətən torpaqları azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları qürurludurlar. Fəxr edirlər ki, şəhidlərimizin qanı yerdə qalmadı. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən Prezident İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası