Türkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər

 Macarıstanın Baş naziri Viktor Orban noyabrın 5-də Qırğızıstana səfər edəcək.

Bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.

Onun sözlərinə görə, Viktor Orban səfər çərçivəsində Qırğızıstan prezidenti Sadır Japarov ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək.

“Yüksək səviyyəli danışıqlar zamanı Qırğızıstan-Macarıstan arasında strateji tərəfdaşlığın geniş spektri müzakirə ediləcək. Səfərin yekununda ikitərəfli əməkdaşlığın daha da inkişafı və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır”.

Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da noyabrın 5-də Qırğızıstana dövlət səfərinə gələcək:

“Səfər çərçivəsində Türkiyə lideri Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək. Bişkekdə dövlət başçıları arasında məhdud tərkibdə görüşün, eləcə də iki ölkə Prezidentlərinin sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şurasının 6-cı iclasının keçirilməsi planlaşdırılır. Tərəflər Qırğızıstan-Türkiyə qarşılıqlı fəaliyyətinin geniş spektrini müzakirə edəcəklər”-deyə, Muratbek Azımbakiyev vurğulayıb.