Travmatologiya və Ortopediya İnstitutunun həkimi vətəndaşı şikəst edib – ŞİKAYƏT

Zərbəliyev Tural Telman oğlu bildirir ki, qolu sındığı üçün əvvəlcə “Medical Plaza” klinikasına üz tutub. Başına gələnləri Anaxeber.info-ya danışan vətəndaşın sözlərinə görə, adıçəkilən klinikada ona deyilib ki, əməliyyat olunmalıdır. Lakin əməliyyat üçün 5 min manat istənilib və Tural Zərbəliyevin bu məbləğə gücü çatmadığı üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gedib. Xəstəxanada Əli adlı həkimin qəbulunda olub. Əli doktor bildirib ki, əməliyyata ehtiyac yoxdur, sınmış qolu gipsə qoymaq lazımdır. Şikayətçi deyir ki, 45 gün qolu gipsdə qalıb, həkim açılandan sonra qolun işləyəcəyinə arxayın edib. “45 gün sonra gipsi açdıq, qolum əyri qalmışdı, işləmirdi. Həkim dedi ki, masajla düzələcək. Amma düzəlmədi, 3-4 yerə getdim, dedilər ki, qolun qanqrena olub, ana sümüyü qısalıb, gərək gipsə qoyulmazdı. Dedilər ki, əməliyyat olunmalıdır, yoxsa bir müddət sonra əl fəaliyyətini dayandıracaq”. Vətəndaş özəl klinikaların birində əməliyyat olunub, 5 min manata yaxın xərci çıxıb. Şikayətçi qeyd edir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Əli həkimin səhv müalicəsi və lazımsız yerə gips qoyması onun bir əlinin tamamilə şikəst olmasına gətirib çıxara bilərdi. Vətəndaş həkimin məsuliyyətsizliyi ilə bağlı şikayətçidir və tədbir görülməsini xahiş edir.

Azər Talıbov
Anaxeber.info



Mənbə