Bələdiyyə seçkiləri niyə gecikir? – SƏBƏB

 Azərbaycanda bu il bələdiyyə seçkiləri keçirilməlidir. Yerli özünüidarəetmə orqanlarına sonuncu seçkilər 23 dekabr 2019-cu ildə keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır.

Bu ilin dekabr ayının 23-də Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti başa çatacaq.

Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. Ancaq ilin sonuna 62 gün qalsa da, bələdiyyə seçkilərinin nə vaxt keçiriləcəyi açıqlanmayıb. Məsələ ilə bağlı MSK-ya sorğu göndərsək də, cavab verilməyib.

Sonuncu seçkilər 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə edib. 1597 bələdiyyədə seçkilər baş tutmuş hesab edilib və 15 075 bələdiyyə üzvü seçilib.

Qeyd edək ki, seçkilərin elan olunmasının gecikməsinə səbəb kimi bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi göstərilir. Qanun layihəsinə görə, Azərbaycanda 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2024-cü il 5 aprel tarixli Qanununa əsasən ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi variyyat, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Eyni zamanda, birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Bu Qanunun tələblərinə əsasən, bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim etdikləri rəylərə baxılmış və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.

Qeyd olunan qanun layihələri bələdiyyələrdə idarəetmənin effektivliyin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionların balanslı inkişafının təmin edilməsinə, habelə bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəflənib.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda qəbul edilib və tezliklə qüvvəyə minməsi üçün digər prosedurlar icra edilir. (Modern.az)