Xüsusi nümayəndə: “Kəlbəcərdə “İstisu” sanatoriyası yenidən qurulur”

 Kəlbəcər şəhərində “İstisu” sanatoriyasının yenidən qurulması ilə bağlı işlər aparılır.

Bunu Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev Şuşada keçirilən “Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları” adlı tədbirdə bildirib.

Bundan başqa, o, deyib ki, şəhərdə 224 mənzildən ibarət binalar inşa olunur.

O, həmçinin Toğanalı-Kəlbəcər-İstisu yolunda da işlərin davam etdiyini bildirib: “Növbəti ildə bu yolun yekunlaşması nəzərdə tutulub. Uzunluğu 82 kilometr olan yolun əhəmiyyəti böyükdür. Bundan əlavə, İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılıb”.

B.Hacıyev çıxışında Kəlbəcərin zəngin turizm potensialı haqqında məlumat verərək, Qarabağda beynəlxalq standartlara malik 3 hava limanının olmasının gələcəkdə Kəlbəcərə xarici turistlərin gəlməsinə şərait yaradacağını vurğulayıb.