Cəlilabad Tibb Kollecində narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Oktyabrın 24-də “Dünya Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsi çərçivəsində Cəlilabad şəhərindəki Cəlilabad Tibb Kollecində tədbir keçirib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti aparatının Böyük məsləhətçı-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova çıxışında bildirib ki, narkotik asılılığının qurbanları daha çox yeniyetmələr və gənclər olur: “Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini itirir”.
Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva çıxış edərək bu gün narkotik aludəçilərinin əksəriyyətinin gənc nəslin nümayəndələri olmasından təəssüfləndiyini bildirib: “Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.
Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil”.
Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov cıxışında deyib ki, narkotik maddələr tələdir: “Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik “narke” sözündən götürülüb, yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq, “mania” – cəzbetmə, ağılsızlıq deməkdir. Narkotik maddələrdən ilk öncə tibbdə istifadə olunmağa başlanıb. Bu elə maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdirlər. Narkomanlıq – xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir”.
Tədbirin sonunda “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası üçün göstərilən maliyyə dəstəyinə, Cəlilabad Rayon İcra Hakimyyətinin başçısına və icra numayəndəsinə, tədbirin keçirilməsidə köməkliyə görə Tibb kollecinin rəhbərliyinə təşəkkür edib.
         



Mənbə