Gecə 02:30-dan 04:30-dək…

 Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb.

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gündüz saatlarında keçirilən monitorinqlər uğurla başa çatdırılıb.

Monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müvafiq avtomobillərin hərəkəti test edilib.

20-dən artıq avtomobil və 15 avtobusun cəlb edilməsi ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən reallaşdırılan monitorinq tədbirləri zamanı yol hərəkətinə məhdudiyyətlər tətbiq edilməyib.

Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.

Monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.