Azad edilən ilk şəhər Cəbrayılda quruculuq işləri sürətlə gedir

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edilib. Beləliklə, artıq iki ildir ki, təsis edilən bu gün böyük sevinc, təntənə ilə xalqımız tərəfindən qeyd edilir. Hər birimizə bu günün qeyd edilməsinin əsas səbəbləri məlumdur. Belə ki, 2020-ci il 4 oktyabr tarixində  Cəbrayıl şəhəri və 9 kəndi ordumuz tərəfindən erməni işğalçılarından azad olundu.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal zamanı minlərlə yerli sakin öz dogma yurdlarından köçkün düşmüşdür. Yerli sakinlərin yaşayış yerləri erməni işğalçıları tərfindən dağıdılmış, xarabalığa çevrilmişdi.
Beləliklə, 2020-ci il 27 sentyabr tarixində erməni hücumlarının qarşısını almaq üçün ordumuz düşmənə qarşı cavab verməli oldu. Bu  30 illik işğala qarşı olan bir cavab idi. İkinci Qarabağ müharibəsi başladığı gündən ordumuzun üstünlüyü, qələbəsi ilə nəticələnirdi. Hər gün Prezident qələbə xəbərlərini xalqımıza çatdırırdı. Elə Cəbrayıl da ilk azad olunan şəhərdlərdən idi. Bu qələbələr göstərdu ki, ordumuz güclü, yenilməz. xalqımızın birliyi isə əbədidir.
Beləliklə, müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağ bölgəsinə səfərlər etmişdir. Elə Cəbrayıl şəhərinə də bir deyil, bir neçə dəfə getmiş və ərazidə mövcud olan xarabalıqları dünyaya göstərmişdir. Gördüyümüz kimi, ərazidə salamat heç bir tikili qalmamışdır. Hətta orada mövcud olan məscidləri belə məhv etmişdilər. Elə bu haqda Prezident 2024-cü il 4 oktyabr tarixində Cəbrayıl Şəhəri Günü Cəbrayıla səfəri zamanı da danışmışdır. Prezidentin də dediyi kimi Cəbrayılın azad olunması digər şəhərlərimizin tez bir zamanda azad olunması ilə nəticələndi.
Bu gün artıq Cəbrayılda abadlıq-qurculuq işləri həyata keçirilir. Qısa müddət ərzində ərazi minalardan təmizləndi, geniş infrastruktur layihələri həyata keçirildi. İnsanların öz yurdlarına qayıtması üçün yaşayış yerləri tikildi.
Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşü zamanı bu haqda da məlumat verdi: “Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir. Gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir”. Bəli
Sakinlərlə görüş zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  sakinlərə mənzillərin açarların təqdim etdilər.
Prezident İlham Əliyev quruculuq işləri və keçmiş Cəbrayıl şəhərinin vəziyyəti barəsində də məlumat vermişdir: “Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Artıq indi isə görülən bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi”. Prezidentin bu məlumatı  işğalçıları hər zaman müdafiə edən Qərb ölkələrinə mesaj idi.
Prezident sakinlərlə görüşü zamanı Qərb dövlətlərinin ədalətsiz davranışlarını da vurğuladı: “Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək”.
Bəli, 30 il ərzində nəticəsi olmayan danışıqlara çox şahid olduq. Təbii ki, bu da Azərbaycan dövlətinin bu işğala sülhlə, dinc yolla son qoymaq istəməsindən irəli gəlirdi. Amma göründüyü kimi ermənipərəst dövlətlər sadəcə o, torpaqları bizə unutdurmağa çalışırdılar. Azərbaycan xalqının  bu müharibəni unutduğunu düşündülər. Amma bu baş tutmadı, xalqımızın ürəyində olan yara hər gün daha da böyüdü. Və bugünkü qələbə xalqımızın ordumuzun öz gücü ilə əldə etdiyi qələbədir. Bir daha aydın oldu ki, əslində beynəlxalq hüquq, normalar işləmir, sadəcə dövlətlər ondan öz mənafeyi üçün istifadə edirlər. Bu gündə Qərbin yürütdüyü ədalətsiz siyasət davam etdirilir. Azərbaycana qarşı haqsız sanksiya tətbiq etməklə ölkəmizi qorxudub, geri çəkindirəcəklərini düşünürlər. Amma əvvəldə olduğu kimi buna yenə boyun əyməyəcəyik.
Prezident İlham Əliyev bunlara qarşı öz cavabını da bildirmişdir: “Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik. Qərb Cənubi Qafqazı rahat buraxmalıdır. Əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda – bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik”.
Prezident İlham Əliyevin çıxışı ilə bir daha aydın oldu ki, heç bir dövlət, heç bir sanksiya, hədə, Azərbaycan dövlətini, xalqını öz haqq yolundan döndərə bilməyəcək. Bu gün həyata keçirilən inkişaf planları, yenə davam etdiriləcək. Elə Cəbrayıl Şəhəri Günü Cəbrayıl sakinlərinin öz doğma yurdlarında məskunlaşdırılması və bu günün təntənə ilə qeyd edilməsi, Prezidentin sakinlərlə Cəbrayılda görüşməsi və gələcək planlar barəsində məlumatları, dünyanın ikili siyasət yürüdən dövlətlərinə qarşı verdiyi mesaj da bunun sübutudur. Azərbaycan xalqı artıq əbədi olaraq öz torpaqlarında yaşayacaqdır.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru