Korrupsiyaya qarşı mübarizə mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar keçirilib.
Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə “Miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə korrupsiya ilə mübarizə” mövzusunda təşkil olunan seminarda Xidmətin bir qrup əməkdaşı iştirak edib.
Seminarı açıq elan edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın ayrı-ayrı müddəaları barədə danışıb, həmin sahədə müəyyən olunmuş bir sıra vəzifələrin icrası zamanı vətəndaş cəmiyyəti instituları ilə əməkdaşlıq əlaqələrinin səmərəliliyinə toxunub, ictimai iştirakçılığın təşviqi digər istiqamətlərdə birgə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
“Miqrasiya proseslərinin effektiv idarə olunması və korrupsiyaya qarşı mübarizə: nəzəri və praktiki aspektlər” mövzusunda geniş məruzə ilə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Hamısıahverənov korrupsiyanın yaratdığı təhlükələr barədə danışıb, korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu sahədə əsas anlayışlar, hüquqpozmaların subyektləri, korrupsiya riskləri və digər məsələlər haqqında geniş məlumat verib. Bununla yanaşı A.Hamısıahverənov korrupsiya anlayışı, bu sahədə mübarizənin gücləndirilməsinə dair qanunvericilik, korrupsiyaya şərait yaradan hallar və qarşısının alınması, korrupsiya cinayətləri və onların nəticələri barədə danışıb, maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması və s. kimi məsələlərə dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Sədr həmçinin miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və digər aktorlar tərəfindən həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib.
Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.