Avroparlamentdən Gürcüstan çağırışı – Seçkilər saxtalaşdırılsa…

 Avropa Parlamentinin 30 üzvü Aİ-ni qarşıdan gələn parlament seçkilərinin saxtalaşdırılacağı təqdirdə Gürcüstana qarşı sərt tədbirlər görməyə çağırıb.

Onlar öz arqumentlərini genişlənmə üzrə Avropa komissarı Oliver Varheliyə göndərdikləri məktubda açıqlayıblar.

“Gürcüstanda keçirilən seçkilər ölkənin demokratiyaya və Avropa dəyərlərinə sadiqliyi üçün kritik sınaq olacaq… Bu seçkilər təkcə Gürcüstanın daxili məsələsi deyil”, – müraciətdə deyilir.

Avropa Parlamentinin deputatları “seçkilər zamanı Gürcüstanın demokratik bütövlüyü pozulacağı” halda Aİ-yə 4 tədbir təklif edir:

– saxtalaşdırma və ya müxalifətin sıxışdırılması zamanı maddi yardımın dayandırılması,

– demokratiyaya zərbə vurmaqda məsul olan yüksək vəzifəli məmurlara qarşı məqsədyönlü sanksiyalar,

– seçkilər beynəlxalq standartlara cavab vermədikdə Gürcüstanın Aİ üzvlüyünə namizədliyinə rəsmi baxış,

– Avropa İttifaqının demokratiya və qanunun aliliyinə dəstəyi haqqında gürcü xalqı ilə aktiv ünsiyyət. İctimai diplomatiya Gürcüstan hökumətinin Brüsselin tənqidini dövlət suverenliyinə hücum kimi qələmə vermək cəhdlərinə qarşı durmalıdır.

Müraciəti AP-nin Yaşıllar, Avropa Mühafizəkarları və İslahatçılar, Sol Partiya, EPP, Yenilənən Avropanı təmsil edən üzvləri, eləcə də müstəqil deputatlar imzalayıb.

Gürcüstanın hakim partiyası buna cavab olaraq, seçkilərdə səslərin 60%-dən çoxunu toplayacağını əvvəlcədən elan edib və müxalifəti sabitliyi pozmaq cəhdlərində ittiham edib.

Qeyd edək ki, Gürcüstanda 26 oktyabrda parlament seçkiləri keçiriləcək.



Mənbə