İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmir. Son aylarda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi gərginliyin artırılmasına səbəb olub.
Ermənistan təcəvüzkar siyasətini davam etdirərək 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdırlar.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistanın ən kiçik təxribatının belə qarşısı qətiyyətlə alınacaq. Ermənistan təxribatlara son qoymalı, sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsi üçün real addımlar atmalıdır. Təxribatlar Ermənistan xalqına yalnız faciələr gətirəcək. Sərhəd bölgəsində əhalinin evlərini tərk etməsi, Ermənistan əhalisinin təşviş içində olması bu ölkənin hansı vəziyyətdə olduğunu bir daha göstərir.
Hamısıah Azərbaycan əsgərini qorusun, şəhidlərimizə allah rəhmət eləsin.
Xəlilova Aynur – politoloq