Deputatlığa namizədlər Neftçalanın başçısını ifşa etdi – “Gənc olmasına baxmayaraq…”

Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri təkcə, namizədlərin təbliğat və təşviqat kampaniyalarını deyil, həm də həmin dairələrdəki problemlərin də üzə çıxmasına səbəb oldu. Tribunainfo.az xəbər verir ki, 70 saylı Neftçala seçki dairəsində də analoji vəziyyət yaşanır.
Deputatlığa namizəd Vəfa Nağı və Tənzilə Rüstəmxanlı ilə görüşlərdə əhalinin nədən narazılıq etdiyi elə yayılan videolardan da aydın görünür. Sadəcə, məsələ belədir ki, bu qədər problemin içində boğulan rayonunun rəhbərliyi nə işlə məşğuldur?
Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidovdur. Bu posta bir müddətdir ki, təyinat alıb. Dövlət başçısı ona gənc olmasına baxmayaraq, böyük etimad göstərib. Çünki bir rayonu idarə etmək, onun problemlərini həll etmək məsuliyyətdir və kiçik iş deyil.
Lakin görüntülər, gələn xəbərlər, ortaya çıxan faktlar belə deməyə əsas verir ki, ya Mirhəsən Seyidov rayondan xəbəri yoxdur, ya da xəbəri olsa belə problemlərin həllində maraqlı görünmür. Əks təqdirdə, elə də böyük olmayan, lakin geniş potensialı olan bir rayonun rəhbəri adi məişət tullantılar, abadlıq, sosial problemlər və işsizliklə bağlı məsələləri həll edə bilmirsə, deməli, ya yerində deyil, ya da maraqlı hesab etmir.
Qeyd edək ki, Neftçala potensialı olan rayondur. Ölkədə az sayta rayonlardandır ki, quru sahədə neft çıxarılır. Bunun özü elə icra başçısı üçün avataşdır. Çünki öncəki icra başçıları rayonda bir çox işlərin görülməsini məhz neft hasilatında çalışan xarici şirkətlərin imkanlarından istifadə etmişdilər. Məsələn, ANŞAD Petrol şirkəti Salyan-Neftçala avtomobil yolunun çəkilməsini maliyyələşdirmişdi. Bu şirkət eyniylə bir sıra sosial layihələrin həyata keçirilməsinə də dəstək olmuşdu.
Mirhəsən Seyidov gəncdi, perspektivi var, lakin bu imkanlarından qətiyyən yararlanmır. Onun həmyaşıdları istər Azərbaycanda, istərsə də xaricdə özlərini dolğun fəaliyyətləri, bacarıqları, idarəedicilik məziyyətləri ilə göstərərək, özlərini gələcəyin naziri postunda görürlər. Əlbəttə ki, Neftçala kiçik rayon olsa da, buradan başlayıb, daha böyük uğurlar qazanmaq olar. El dilində desək: “Moskva da birdən birə qurulmayıb”.
Amma görünən odur ki, Mirhəsən Seyidov üçün nə perspektiv var, nə də o, həmyaşıdları kimi, gələcəyini parlaq görmür. Tək hədəfi isə elə Neftçalada qalıb, orada başını girələməkdir. Ya da ümid edir ki, bütün bacarıqsızlıq və səriştəsizliyinə rəğmən, nə zamansa ona yeni etimad göstəriləcək və vəzifəsi böyüdüləcək. Əks təqdirdə, ortaya çıxan bunca problem olmazdı. İnsanların bu qədər narazılığı da üzə çıxmazdı.
Bir sözlə, ölkənin ən kiçik rayonunu idarə edə bilməyən bir məmurun perspektivi yoxdur. Təkcə, iki deputatlığa namizədin ortaya çıxardığı problemlər də təsdiq edir ki, Mirhəsən Seyidov yerində deyil, işinin öhdəsindən gələ bilmir və rayonu başlı başına buraxıb. Neftçaladakı durum daha çox rayonun “avtopilota” qoyulmasına bənzəyir. Mirhəsən müəllim sükanı buraxıb, eyni sürətlə hərəkətə davam edir. Amma qarşıda divar və ya maneənin olmasının da fərqində deyil.