Lerikin bu kəndi XARABA GÜNƏ QALIB… – NARAZILIQ VAR…

 “33 illik müstəqillik dövründə Azərbaycan dövlətinin sosial-iqtisadi sahədə bir sıra uğurlar əldə etməsinə rəğmən hələ də bir çox yaşayış məntəqələrində, xüsusən də ucqar dağ kəndlərində ciddi problemlər yaşanmaqdadır. Bu minvalla bəzi kəndlərimiz artıq yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb”.

Bu fikirləri özünün sosial-iqtisadi problemlər mövzusunda ilk məqaləsini Moderator.az-a təqdim edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi Çimnaz Məmmədova ifadə edir.

Daha sonra tələbə jurnalist belə davam edir:

“Sakinlərinin bir hissəsinin yaşayış şəraitinin, dolanışığının ağırlığı, bəzən də dözülməzliyi ucbatından dogma yurdlarını tərk etməyə məcbur qaldığı bölgələrimizdən biri də Lerik rayonudur. Demək olar ki, bütün ərazisi dağlıq relyefə malik rayonun 160-dan çox kəndinin xeylisində insanlar uzun illərdir ki, həllini tapmayan bir çox sosial-iqtisadi problemlərlə üzləşir. Gözəl, füsunkar təbiətə, təmiz hava, saf su mənbələrinə malik Lerikin kəndləri, təəssüf ki, bir sıra çətinliklər ucbatından ildən-ilə boşalmaqdadır…

Rayonun bu cür kəndlərindən biri də Ordahal kəndidir. Yaşıl meşələr, çəmənlər qoynundakı, münbit torpaqlara malik bu kənddə, təəssüf ki, XXI əsrin 24-cü ilində belə, insanların yaşayışı üçün hələ də normal şərait yaradılmayıb. Çox acınacaqlı olsa da, faktdır: kənddəki 30 evin yalnız 11-də faktiki yaşayış mövcuddur və bu say ildən-ilə azalmağa doğru gedir. 2009-cu ilin rəsmi məlumatına görə, Ordahalda 313 nəfər yaşadığı halda hazırda kənddə faktiki cəmi 45 nəfər qalıb…

Evlərinin yarısından çoxu boş qalan kəndin sakinlərini digər müşküllərdən daha çox övladlarının təhsilsiz qalması problemi narahat edir…

Məlumat üçün deyək ki, hazırda Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. 1970-ci illərdə bu rəqəm 765 olub, 70-ci illərin sonuna qədər isə 2117-yə çatıb, fəqət bu gün Ordahal kəndinə nə bir orta təhsil məktəbi, nə də lazımı şəkildə işıq, su çatır. Sakinlərdən biri deyir ki, insan məcburən ışıqsız və ya qazsız yaşaya bilər, bəs təhsilsiz hansı hala düşər..

Məsələ ondadır ki, mövcud vəziyyətə görə, başqa sözlə, məhz kənd sakinlərinin böyük bir hissəsinin kəndi tərk etməsi səbəbindən sovet dövründən bəri fəaliyyət göstərən Ordahal doqquz illik, yəni ümumi kənd orta məktəbi şagird azlığı ucbatından bağlanıb. Son illər məktəbdə 4 şagird və 7 müəllim olub. İndi isə yol, qaz, ışıq və daha bir çox sıxıntılar olsa da, oxumaq arzusunda olan, ancaq, təəssüf ki, bir çox problemlərlə üzləşən azyaşlılar: Zeynəb Şahbazova,
Əşrəf Şahbazova, Fatimə Səfərli, Əkbər Səfərli daha öz kəndlərində təhsil ala bilmirlər. Onlar təhsillərini 2024-2025-ci tədris ilindən 2-3 km məsafədə yerləşən Bonkəndil kəndindəki tam orta məktəbdə davam etdirməli olacaqlar. İndiyədək Ordahal məktəbində 9-cu sinfi bitirən şagirdlər də 10-11-ci sinifləri Bondkəndil kənd tam orta məktəbində oxumalı olurdu. Bəzi ailələr isə daha keyfiyyətli təhsil almaları üçün övladlarını Lerik rayon mərkəzinə göndərirdilər…

Ordahal məktəbinin kənd sakini olan müəllimləri: Ülviyyə Məmmədova, Mehriban Şahbazova və eyni zamanda yaxın kəndlərdən bilik və bacarıqlarını uşaqlara aşılamaq üçün bu kəndə gələn müəllimlər də digər kəndlərə yönləndirilib. Həm Ordahal, həm də o biri kəndlərdə yolların necə baxımsız olduğunu nəzərə alsaq, xüsusilə, payız-qış aylarında şagirdlər, həm də müəllimlərin gündəlik qonşu kəndlərə gedib-gəlmək üçün hansı müşküllərlə üzləşəcəyini təsəvvür etmək çətin deyil…

“Özümün də iki azyaşlı övladım var və müəllim işlədiyimi də nəzərə alsaq, kənd məktəbinin bağlanması, əlbəttə, çətinliklərimizi daha da artırdı. Bu tədris ilindən uşaqlarım məcburən qonşu kəndin məktəbində təhsil almalı olacaq, özüm isə başqa kənddə işləyəcəyəm. Bu da, təbii ki, yol və maliyyə baxımından sıxıntılarımızı daha da artıracaq”, -deyə müəllimə Mehriban Şahbazova qeyd edir.

Yollardan söhbət açan sakinlər qonşu Kiravud kəndi ilə gediş-gəliş üçün tək vasitə olan körpünün də dağılma təhlükəsinin olduğunu və bunun da şagird və müəllimlər üçün təhlükə yaradacağını dilə gətirir. Payız və qışda yağıntılar artan vaxtlar körpü, demək olar ki, tamam dağılır. Hər iki kəndin sakinləri kustar üsulla, qum yığılmış kisələrdən və s. istifadə etməklə körpünü müvəqqəti bərpa edə bilirlər. Bundan əlavə, qar və yağış yağan vaxtlar sürüşkən və buzlu yollarda da qəzaların olacağı istisna deyil…

Ordahalda qalan sakinlər bildirir ki, kənddə daimi yaşayanların sayının azalması və nəticədə uşaq, şagird azlığının da əsas mənbəyi kənddəki şəraitsizlik, işsizlik, bir sözlə, sosial-iqtisadi problemlərdir…

“Yolların bərbadlığı, işıq və su kimi problemlərə görə gənc nəsil kənddə yaşamağı rədd edərək Bakıya, qonşu rayonlara və yaxud ən yaxşı halda nisbətən inkişaf etmiş kəndlərə üz tuturlar… Kənddə yaşamaq üçün əkib-becərmək, biçmək lazımdır, lakin əkdiyimiz taxıl sünbülləri susuzluqdan yanır və o qədər əziyyətimiz yerdə qalır. Öz imkanları daxilində bəzi sakinlər əkinlərini sulasa da belə, biçmək üçün lazımi texnika olmadığından vaxtında biçilməyən taxıl quruyub tələf olur. Elə bu cür səbəblərdən son xüsusən 10-15 ildə Ordahal kəndinin böyük bir qismi yaşayış üçün başqa yerlərə köçüb. Və köçməkdə də davam edirlər. Kənddə daimi qalanlar isə əsasən yaşlı sakinlərdir …”- deyə sakinlərdən biri bildirir.

Hamısıaha şükürlər olsun ki, Ordahalda təbii qaz problemi, gec də olsa, 2012-ci ildə, fəqət artıq cavanların xeyli hissəsi iş, dolanışıq ucbatından kənddən köçdükdən sonra həllini tapıb. Ancaq sakinlərin sözlərinə görə, bir sıra qonşu kəndlərə hələ də qaz çəkilməyib. İnsanlar balon qazları almaqla dolanmağa məcbur olur. Bu isə aşağı gəlirli ailələr üçün əlavə xərc və sıxıntıdır. Odur ki, həmin kəndlərin sakinlərinin də başqa yerlərə köçməsinə daha real şərait yaranır…

Ordahala qaz çəkilsə də, xüsusən payız və qış aylarında elektriklə bağlı ciddi problemlər yaşanır. Bunu ötən tədris ili bitənədək Ordahal kənd məktəbində müəllimlik etmiş Mehriban Şahbazova da vurğulayır.

“Kəndimizin ən böyük sıxıntılarından biri də işıqla bağlıdır. Sovet dövründən çəkilmiş elektrik naqilləri və dirəklər keyfiyyətlərini itirdiyi üçün artıq istifadəyə yararlı deyil. Odur ki, qış və payız aylarında Ordahalda işıqlar, demək olar ki, yanmır. Yenə də kənd sakini olduğumuz üçün buna səbir və dözümlə yanaşmağa çalışırıq. Lakin yaz və yay aylarında belə, günün xeyli hissəsində, bəzən də günlərlə elektrik verilişinin kəsilməsi vəziyyətimizi daha da mürəkkəb hala gətirir”,- deyə müəllimə bildirir.

“Kənd həyatıdır, burada yaşayırıqsa, mal-qara saxlamalıyıq ki, bir təhər dolanaq. Mal-qaraya isə mütəmadi, xüsusən payız-qış mövsümündə qulluq etmək lazımdır. Lakin gecənin qaranlığında işıq olmayanda ev heyvanlarına qulluq etmək çox çətin olur. Əl fənərlərindən istifadə etsək də, bu da problemi tam həll etmir. Bundan əlavə, kənddə baytar həkimi olmadığından mal-qaramızın xeyli hissəsi müxtəlif xəstəliklərdən tələf olur”, -deyə kənd sakini əlavə edir.

Düşünürük ki, bəlkə də qeyd etdiyimiz kimi, ecazkar mənzərəsi, içməli, hətta mineral su mənbələri də olan Ordahalın yol, işıq və s. problemləri həll olunsa, gərəkli infrastruktur yaradılsa, bəlkə də kəndə turist axını da cəlb etmək olar…

Araşdırmamızdan o da bəlli oldu ki, məhz belə şəraitsizlik, həm də maddi imkansızlıq ucbatından Ordahal kəndində qalan 20-yə yaxın ailənin heç də hamısı mal-qara saxlaya bilmir. İnək və yaxud qoyun-keçi saxlayanların çoxu da xırda təsərrüfata malikdir…
Xülasə, faktlardan və sakinlərin açıqlamalarından göründüyü kimi, Lerik rayonunun artıq ailələrinin 60 faizə yaxını başqa yerlərə köçmüş Ordahal kəndi 5-10 il sonra tamamilə xaraba, yəni sakinsiz qalaraq bir yaşayış məntəqəsi kimi yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Bunun qarşısını almaq üçün isə müvafiq mərkəzi və yerli qurumlar sadaladığımız, həmçinin digər problemlərlə ciddi maraqlanmalı və mümkün qədər tez müddətdə onların həllinə nail olmalıdırlar. Mövcud problemlərin çoxunun həll ediləcəyi, həvəsləndirici tədbirlər görüləcəyi, düzgün təbliğat işləri aparılacağı təqdirdə kənddən köçmüş ailələrin, ən azı bir hissəsinin geri qayıtmasına və nəticədə Ordahalda həyatın, heç olmasa, sovet dövründəki kimi canlanmasına nail olmaq mümkündür…

Çimnaz Məmmədova, Bakıd Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi”.

Redaksiyadan:

Materialda qaldırılan problemlərlə bağlı müvafiq mərkəzi və yerli qurumların açıqlama və şərhlərinə yer verməyə hazırıq…

Moderator.Az