Bəlkə nazir elektron poçtu da “işdən çıxarıb”? – NƏ BAŞ VERİR?

Fərid Əhmədovun Ədliyyə Nazirliyinin ( ƏN ) başçılığına gətirilməsi ilə köklü kadr islahatlarına başlanılıb. Nazirlikdə əvvəlki yerində qalan , demək olar ki, yoxdur. Kadr dəyişikliyinin ƏN-in adına uyğun ədalətin hökmranlığına gətirəcəyi isə şübhəlidir. Nədən məmurların yerini dəyişməklə məmur özbaşınalığının kökü kəsilməz.

Ədliyyə sistemindəki özbaşınalığın başlıca qaynağı məhkəmə qərarlarının qərəzlə icra olunmamasından, hətta icra məmurlarının məhkəmənin adından saxta qərarlar qəbul edib vətəndaşların, əlillərin, qazilərin daşınar-daşınmaz əmlaklarını ələ keçirmələrindən qaynaqlanır. Konkret misallar, faktlar yetərincədir. Bircə faktı vurğulayaq ki, icra məmurlarının “ İcra haqqında” qanunun 68-ci maddəsini görməzdən gəlmələri müharibə , hərbi xidmət əlillərini xidməti vəzifələrini icra edərkən aldıqları xəsarətlərə görə ödənilən məbləğdən, 1-ci dərəcəli əlilləri pensiyalarından məhrum edir. Qanunun 68.1.2 və 68.1.3 maddələri isə tələbin müharibə əlillərinin, eləcə də 1-ci dərəcəli əlillərin pensiya, müavinət, təqaüdlərinə … yönəldilməsini qadağan edir. İcra məmurları qanunu tətbiq etmək yerinə özləri saxta icra vərəqi, məhkəmə aktı tərtib edirlər. Belə faktlar da yetərincədir, amma bizim qonumuz – mövzumuz bu olmadığından başlığa çıxardığımız mövzuya keçək.

Ədliyyə Nazirliyinin əvvəllər çox yaxşı işləyən @justice.gov.az elektron poçtu xeyli müddətdir müraciətləri qəbul etmir. Ədliyyə Nazirliyinin heç bir qurumuna bu poçtla müraciət etmək olmur. Anında mesajın, məktubun çatdırılmadığı , problem olduğu bildirilir. Bəlkə nazir elektron poçtu da “işdən çıxarıb”? Ağlabatan deyil. Nədən işdən çıxarılanın yerinə yenisi təyin olunur, @justice.gov.az domeninin yerinə isə yenisi təyin olunmayıb.

Məğrur BƏDƏLSOY – Dia-az.İnfo