Şahin İsmayılovla bağlı İLGİNC İDDİALAR… – Ramiz Mehdiyevə necə xəyanət etdi?..

Son günlər mediada Şahin İsmayılovun Beyləqandan qovulması videosu yenidən gündəmə gətirilir. Sözsüz Beyləqan kimi, həssas bir rayondan millət vəkili seçilən şəxsin bu rayondan məhz şəhid ailələri tərəfindən qovulması bir siqnal olmalıdır.

Çünki son 4 il ərzində yolunu bu rayona salmayan bir şəxsin yenidən öz namizədliyini Beyləqandan irəli sürməsi və yaxud sürülməsi gərginliyə səbəb ola bilər. Yeni Azərbaycan Partiyasının Şahin İsmayılovu yenidən Beyləqana göndərməsi olduqca müəmmalıdır. Çünki 4 ildir ki, Beyləqanlılar öz deputatlarını tapa bilmir. Amma Şahin İsmayılov və ona yaxın adamlar yenidən Beyləqana üz tuturlar. Görünən odur ki, İsmayılovu bu rayona göndərənlər şəhid ailələrinin seçiminə hörmət etmirlər. Beyləqanda yüzlərlə şəhid və qazi ailəsi var. Etiraf edək ki, şəhid və qazi ailələri Şahin İsmayılovu bu rayonda görmək istəmirlər. Məhz buna görə də seçicilərini aldadan Şahin İsmayılovu məhz şəhid ailələri rayondan qovmuşdu.

Bu dəfə Şahin İsmayılov yenidən qorxmadan, Beyləqana üz tutub. İndi şəhid ailələrinə İsmayılov hansı yalançı vəd verəcək?

Şahin İsmayılov bir zamanlar gündəmə Ramiz Mehdiyevin kadrı kimi çıxmışdı. Qısa zamanda məhz “boz kardinal”ın dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri olmağı bacardı. Ramiz Mehdiyevin sadiq kadrlarından olan bu gənc ona xəyanət edən ilk adamlardan oldu. Vurulmuş “boz kardinal”a ilk zərbə məhz İsmayılovdan gəldi.

Mətbuatda tez bir zamanda Ramiz Mehdiyevə qarşı total hücuma başlayan İsmayılov, həm də bu hücumla özünü qorumaq istəyirdi. İnsafən keçmişə xəyanət edərək İsmayılov gələcəyi qorumuş oldu.

Şahin İsmayılov 14 fevral 2022-ci ildə Demokrat.az saytına verdiyi müsahibəsində bildirir:

“Ramiz Mehdiyev öz kiçik dünyasında oyun oynamaqda israrlıdır. AMEA-nın saytında adının qarşısına akademik sözünü qeyd edərək özünü elm adamı kimi təqdim etmək istəyən Ramiz Mehdiyev görünür nə elm adamı, nə də ziyalıdır. O, çox yaxşı bilir ki, onun administrasiya rəhbərliyində tutduğu vəzifəsindən getməsi islahatlar dalğasının ən önəmli halqalarından birini təşkil edirdi. Lakin, bundan heç bir nəticə çıxarmayan Mehdiyev ənənəvi formada fəaliyətini davam etdirir və öz kiçik dünyasında oyunlar oynamaqda israrlıdır”. “

Ən ilginc məqam isə Ramiz Mehdiyev onun haqqında yazan deputatları məhkəməyə verəndə bəlli olur. Ramiz Mehdiyev onun haqqında yazan 15 deputatı məhkəməyə verir. Məhkəməyə adı göndərilməyən bir deputat isə Şahin İsmayılov idi. Əcaba “boz kardinal”ın İsmayılova bu sevgisi nədən qaymaqlanırdı?.

Bir sözlə parlayan bir gənc öz yolunu davam etdirir. Növbəti qurbanının kim olması isə sual altındadır.(Vetenİnfo)