Vətən müharibəsi qazisi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ona problem yaradıldığını iddia edib.
Yenicag.az xəbər verir ki, qazi Teymur Məlikov ABŞ-dən dostunun telefon göndərdiyini, lakin sözügedən qurumun məhsul qarşılığında ondan yüksək rüsum tələb etməsi ilə bağlı sosial şəbəkədə video yayımlayıb.
Məlikov Teymur videoda telefon üçün ondan 776 manat məbləğinda rüsum tələb olunduğunu deyib və etiraz edib ki, rüsumlar nisbətən aşağı olmalıdır.
“Rüsumsuz, yaxud da 200 azn kimi az miqdarda ödənişlə telefonun mənə verilməsini xahiş edirəm”, – o, bildirib.
Qazinin dediyinə görə, həmin idarədə Elmir adlı əməkdaş onunla sərt danışıb və “özünə hörmət elə” deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.
Dövlət Gömrük Komitəsindən isə bu rüsumun ödənilməsi ilə bağlı qaydaları izah edərkən bildirilib ki, vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir.
“Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 200 dollardan ödənilir”, – deyə məlumatda qeyd edilir.
Gömrük sərhədindən keçən mobil telefonun bəyan edilməməsi inzibati məsuliyyət yaradır.
[flash=425,264]https://yenicag.az/files/uploads/2024/07/WhatsApp-Video-2024-07-31-at-16.08.48.mp4?_=1[/flash]