Milli qəhrəmanın büstü baxımsız vəziyyətdədir – QARDAŞI RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR / FOTO

Bakı şəhər sakini, Milli qəhrəman qardaşı Məmmədov Aydın İsrail oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, qardaşı Məmmədov Aytəkin İsrail oğlunun adına qoyulan büst baxımsız vəziyyətdədir, İcra Hakimiyyətinə müraciət edilsə də, əhəmiyyət verilmir:

“Mən, Məmmədov Aydın İsrail oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi dərc edəsiniz.

Bildirim ki, şəhid qardaşıyam, Bakı şəhərində yaşayıram. Özüm hal-hazırda xəstəyəm, maddi imkanım zəifdir. Qardaşım Məmmədov Aytəkin İsrail oğlu 1991-ci ildə şəhid olub. Prezident Heydər Əliyevin əmri ilə Milli qəhrəman adı verilib.

Qardaşımın büstü Gədəbəy rayonu, Göyəlli kəndində yerləşir. Adına olan məktəbin qarşısındakı büst baxımsız vəziyyətdədir. İcra Hakimiyyəti və Bələdiyyə Azərbaycanın Milli qəhrəmanına qarşı hörmətsizlik edir, onun üstünü təmir etdirmirlər. Dəfələrlə müraciət etsək də, cavabsız qalıb.

Əvvəl heç bir quruma müraciət etmədən, özüm nə lazım olsa edirdim. İndi nə səhhətim, nə də maddi dürümüm buna imkan vermir”.

Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.