Milli Azərbaycan mətbuatının yaranması və inkişafı

Millətlərin tərəqqisində, milli şüurun oyanışı və milli özünüdərk prosesində, dünya sivilizasiyasından yararlanmasında mətbuatın özünəməxsus yeri var. Təsadüfi deyil ki, Azərbaycanın maarifpərvər ziyalıları, klassik ədəbi nümunələrin yaradıcıları mətbuatı “xalqın görən gözü, eşidən qulağı, danışan dili” adlandırırlar. Azərbaycan xalqının milli dirçəliş yoluna qədəm qoyması, dövlət və dövlətçilik ideyalarının formalaşması, ictimai münasibətlərə hazırlanmasında milli mətbuatın rolu böyük və əvəzolunmazdır. Məlum faktdır ki, mətbuat tariximizin başlanğıcı ictimai-milli şüurumuzun inkişaf tarixi ilə üst-üstə düşür. Çünki bu şüurun yaradıcısı milli mətbuat nümunələridir. XIX əsrin ortalarından başlayaraq dünyada baş verən proseslər, Rusiya imperiyasının daxilindəki hadisələr Azərbaycandan da yan ötmədi. İmperiya daxilindəki xalqların həyatında milli-mənəvi oyanış prosesi baş qaldırdı.
XIX əsrin ortalarında ölkəmizdə gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaratmışdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. “Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.
“Əkinçi”dən sonra işıq üzü görən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar.
Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Bu il 149 yaşını qeyd edən mətbuatımızın inkişaf tarixindən bəhs edərkən, dövlət müstəqilliyimizin bərpəsından sonrakı dövrə də toxunmaq mütləqdir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümumilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində həyata keçdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır.
Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrii üçün hərtərəfli şərait yaradılır. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.  KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir.

 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası