Milli Azərbaycan mətbuatının yaranması və inkişafı

 Hər il iyulun 22-si Azərbaycanda Milli mətbuatın yarandığı gün kimi qeyd olunur. Azərbaycan jurnalistikasının zəngin və keşməkeşli inkişaf yolu ictimai fikir tariximizin çox mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, milli oyanış, müasirləşmə və mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində müstəsna rol oynayıb. Bu gün Azərbaycanda müstəqil, peşəkar və özünəməxsus ənənələri olan mətbu orqanlar fəaliyyət göstərir.
Milli mətbuat tariximizdən danışarkən “Əkinçi” qəzetini xatırlamamaq, onun ideyalarından bəhs etməmək mümkün deyil. 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin nəşrinə başlaması Azərbaycan tarixində ən mühüm, yaddaqalan hadisələrdən biri idi. “Əkinçi” qəzeti Azərbaycan xalqının milli kimliyini və tarixi dəyərlərini, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynadı.  Mürəkkəb bir tarixi dövrdə fəaliyyətə başladığı gündən mübarizə dolu yola başlayan “Əkinçi” xalqı maarifləndirmək, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi nəcib missiyaları üzərinə götürdü, özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə yol açdı.
“Əkinçi”dən sonra yaranan “Kəşkül”, “Ziya”, “Kaspi” kimi qəzetlər ilk mətbu orqanımızın  davamçısı kimi fəaliyyətə başladı. “Əkinçi” də daxil olmaqla o dövrün qəzetlərinin əsas missiyası maarifləndirmək idi. Cəmiyyətdə kütləvi savadsızlıq və cahillik hökm sürdüyünə görə “Əkinçi”  təkcə savadsızlıqla mübarizə aparmırdı, həm də ictimaiyyətə dünyagörüşü, müasirlik və mədəniyyət aşılayırdı.
1906-cı ildə nəşrə başlayan, “Azərbaycan xalqının ictimai düşüncəsinin inkişafında mühüm rol oynayan “Molla Nəsrəddin” jurnalı da eyni missiyanı yerinə yetirirdi.
Azərbaycan mətbuatının inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradıldı. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. Bununla da azad sözün daha da inkişafı üçün geniş imkanlar açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində milli mətbuatımıza diqqət və qayğısını uzun illərdir ki, davam etdirir. Dövlət başçısının sərəncamı ilə Azərbaycanda Mətbuat Şurası, Kütləvi İnformasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Azərbaycanda çağdaş jurnalistikanın inkişafında xidmətlərinə görə fərqlənən jurnalistlərə “Əməkdar jurnalist” fəxri adı, “Tərəqqi” medalı verilir ki, bunlar da mətbuat sahəsində çalışan insanların fəaliyyətinə verilən yüksək qiymətin, mənəvi dəstəyin göstəricisidir.
Ölkə başçısı cənab İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illik, 2010-cu ildə 135 illik, 2020-ci ildə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir.
Bu gün Azərbaycan mətbuatının inkişafı ilə bağlı nəzərəçarpacaq dərəcədə uğurlar mövcuddur.  Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet jurnalistikası sürətlə inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir.
Dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.
Azərbaycan mətbuatı 44 günlük müharibə dövründə də həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün növbəti sınaq oldu. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı.
Azərbaycan mətbuatı koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini fasiləsiz məlumatlandırmaqda davam etdi. Mütəmadi olaraq koronavirus ilə bağlı ictimaiyyətin suallarının cavablandırılmasında, məlumatların çatdırılmasında jurnalistlərin xüsusi mövqeyi və əziyyəti danılmazdır.
İlk günlərdən etibarən koronavirusun qarşısının alınması üsulları haqqında mətbuatda mütəmadi çıxışlar edildi, məlumat xarakterli materiallar dərc olundu. Alim və mütəxəssislərin koronavirusun növləri, diaqnostikası, o cümlədən bu xəstəliyə qarşı hazırlanması nəzərdə tutulan peyvəndlərə dair məqalələri nəşr olundu, televiziya və internet saytlarında məzmunlu müsahibələri təqdim edildi.
Əminik ki, zəngin tarixə və ənənlərə malik olan jurnalistikamız bundan sonra da uğurla fəaliyyət göstərəcək, Azərbaycan həqiqətlərini həm ölkə, həm də dünya mətbuatına dəqiq, qərəzsiz və obyektiv şəkildə çatdıracaq!

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru