Rusiya Ukrayna müharibəsinin nəticələri dünyanın siyasi –iqtisadi arxitekturasını dəyişəcəyi şübhə doğurmur. Böyük bir regiona fəlakətlər gətirən bu müharibənin bitməsi təmtəraqlı sülhlə deyil, yalnız Rusiyanın geniş mənada tükənməsi ilə mümkün ola bilər. Rusiyanın ultimatum xarekterli sülh təklifinin Ukrayna tərəfdən qəbul edilməyəcəyi gözləniləndir.
Baxmayaraq ki, ərazilərinin bir hissəsi Rusiya tərəfdən işğal edilib, şəhər və kəndləri darmadağın olub, amma ukraynalıların məğlubliyyətlə barışmayacaqları şübhə doğurmur. Ukrayna cəmiyyəti müharibədən yorulsa da məğlub əhval-ruhiyyədə deyillər. Ukraynadakı prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, bu insanlarda bütün müharibə çətinliklərinə qarşı bir immunitet yaranıb, Ukrayna xalqını yalnız ərazi bütövlüyünü bərpa etmək düşündürür.
Rusiya isə baxmayaraq ki, Ukraynanın bir neçə yaşayış məntəqəsini nəzarətdə saxlayır, amma bu gün stateji cəhətdən məğlub olur. İqtisadi resursları tükənir, insan itkilərinin sayı gündən-günə artır. Real büdcə ilə, sanksiyaların davam etdiyi şəraitdə müharibəni davam etdirmək getdikcə çətinləşəcək. Əli silah tutanları döyüşə göndərib ət maşınından keçirməklə qələbə qazanmaq mümkünsüzdür.
Rusiyanın daha bir fəlakəti ondan ibarət oldu ki, iki slavyan xalq arasında əbədi düşmənçiliyə zəmin yaratdılar. Müharibə gec-tez bitəcək. Xalqlar arasında düşmənçilik, kin isə uzun illər davam edəcək. Bu gün həm Qərbin, həm də ABŞ-ın Rusiyanın qalıb gəlməsinə imkan verməyəcəyi şübhəsizdir.
Biz Azərbaycan tərəfi olaraq hər iki tərəflə münasibətləri qoruyub saxlamalıyıq. Sürətlə dəyişən prosesləri izləməklə bərabər insan olaraq haqqın, ədalətin yanında olmalıyıq.
Əkrəm Bəydəmirli