Rusiya Xankəndində niyə konsulluq açmaq istəyir?

Rusiya Qarabağda Baş Konsulluq açmaq niyyətini ortaya qoyub. Bu fikri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin açıqlayıb. Təbii ki, bu Karasinin şəxsi istəyi ola bilməz. Burada Rusiya dövlətinin Cənubi Qafqazla bağlı strateji planları və yaxud cəmiyyətin nəbzini yoxlamaq niyyəti ola bilər. Cəmiyyətin nəbzi 200 ildir mütəmadi yoxlanılır. Hətta bəzən Şimal küləklərinin təsiri nəticəsində yaranan xəstəliklər metastaz vermişdi. Çox dərinə getmədən onu qeyd etmək istərdim ki, o bəlalardan qurtulan cəmiyyət yenidən həmin xəstəliklərə düçar olmaq istəməz.
Bu gün beynəlxalq aləmdə proseslər sürətlə dəyişir. Dünyanın yeni siyasi-iqtisadi arxitekturası yaradılır. Gücü, yetərincə potensialı olan dövlətlərlə şaquli deyil, yalnız və yalnız üfiqi əlaqələr mümkündür.
Onu da qeyd etmək istərdim ki, Azərbaycan xalqının ruslara qarşı hər zaman münasibəti çox yaxşı olub. Rus mədəniyyətinə, ədəbiyyatına, poeziyasına sevgi ilə yanaşmışıq. Rus dilli məktəblər fəaliyyətlərini problemsiz davam etdirirlər. Hazırda Rusiya ilə iqtisadi sfera da münasibətlər normaldır. Bu strateji əməkdaşlığı dərinləşdirmək üçün yetərincə imkanlar var. Həmçinin Qardabağdakı rus sülməramlılarını böyük ehtiramla yola saldıq. Bir sözlə bütün sferalarda əməkdaşlıq yaxşıdır.
Qaldı ki, Rusiyanın Xankəndində konsulluq açmaq istəyi məsələsi mənim qənaətimcə, qəbuledilməzdir. Bunu heç bir vəclə qəbul etmək olmaz. Şimal qonşumuzun yetərincə problemləri var. Böyük bir ərazidə yerləşən bu ölkə öz əhalisinin problemlərinin həlli ilə məşğul olsa daha çox qazanacaq.
Digər tərəfdən biz son 200 illik tarixi unutmamışıq. Və bu tarixdən ibrət dərsi götürməliyik. Amma, lakin strateji maraqları nəzərə alaraq siyasətdə, idarəetmə sistemində heç kimin düşünmədiyi gözlənilməyən bəzi anlar da olur.
Əkrəm Bəydəmirli