İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir

Ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində ancaq dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.  Qeyd edək ki, Azərbaycan – İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan münasibətlərimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr sonrakı illərdə də möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini əhatə edir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin hər zaman İran ilə münasibətlərə xüsusi önəm verdiyini, bu əlaqələrin regionun inkişafına və təhlükəsizliyinə xidmət etdiyini dəfələrlə bəyan edib. Cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən deyib: «İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik».
Hər iki ölkənin möhkəm siyasi iradəsi sayəsində qurulan əlaqələr bu gün yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, aparılan müzakirələr, imzalanan sənədlərlə daha da möhkəmlənib və genişlənib. Bir sıra qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan regionun güclü dövlətlərindən olan İran ilə ikitərəfli və çoxtərəfli platformalarda da əməkdaşlığa xüsusi önəm verir. Eyni münasibət qonşu ölkə tərəfindən də dəfələrlə bildirilib.Bu xüsusda ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığa xüsusi önəm verirlər. Azərbaycan və İran BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və digər beynəlxalq təsisatlarla da fəal əməkdaşlıq edir və bir-birlərinin mənafelərini müdafiə edirlər. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə yaradılan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq platforması da münasibətlərimizin dinamik inkişafına mühüm töhfələr verir.
Bu möhkəmlənən əməkdaşlıq fonunda İran və Azərbaycanın daim bir-birinə qarşılıqlı dəstəyi və əksər məsələlərdə nümayiş etdirilən vahid mövqe ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən xəbər verir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası, öz növbəsində, ölkələrimiz arasında iqtisadi müstəvidə də münasibətlərin inkişafına böyük töhfələr verib. Bu gün Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sərmayə qoyuluşu sahələrində əməkdaşlıq mövcuddur. Ölkələrimizin birgə təşəbbüsü ilə həyata keçirilən layihələr isə təkcə xalqlarımızın deyil, regionun inkişafına mühüm töhfələr verməkdədir.
Dövlət başçımızın qeyd etdiyi kimi, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edildi, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açdı. Belə ki, dövlət sərhədimizin bərpası Azərbaycan ərazisindən yükdaşımaların həyata keçirilməsi üçün daha əlverişli imkanlar açır. Bundan əlavə, illərdir ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərimizin bərpası işində də İran şirkətlərinin cəlb olunması mümkündür. Artıq İranın bir sıra şirkətləri Azərbaycan Respublikasının işğaldan azad edilən rayonlarına sərmayə yatırmağa hazır olduqlarını bildirib.
Sərhədlərimizin tam bərpasının verdiyi yeni imkanlar da xalqlarımızın, ölkələrimizin dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcək.
Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu istismara verilir. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafı, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyi  təmin ediləcək. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, həm də, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.
Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Dövlət başçımızın qeyd etdiyi kimi, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir.

Metin Hüseynov  –  siyasi sərhçi, politoloq