ATƏT sülh prosesinə qatıla bilər? – Qapılar bağlıdır

Politoloq Azər Qasımov “Sherg.az”a açıqlamasında deyib ki, Almatı şəhərindəki Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşündən sonra ATƏT-in sədri ilə Baş nazir Nikol Paşinyanın görüşü və Bakıya planlaşdırılan səfəri bəzi suallar doğurur:

“Paşinyan Almatı görüşündən narahatlıq keçirib, ya əksinə, ATƏT görüşdən alınacaq nəticədən narahat olub?! Azərbaycan dövlətinin və ictimaiyyətinin ATƏT barədə fikirləri bəllidir. ATƏT məsələsi Azərbaycan üçün çoxdan bağlanıb. Ancaq görünən odur ki, Cənubi Qafqazda ATƏT sədrini İrəvana və Bakıya gətirməyə vadar edəcək proseslər gedir və bu, müəyyən dairələri narahat edir. ATƏT sədrinin regiona səfərini vacib edən məsələlər böyük ölçüdə Ermənistan və Gürcüstanda cərəyan edən hadisələr ola bilər. Azərbaycanın ATƏT-ə münasibəti fonunda qurum rəhbərinin Bakıya gəlmək istəməsinin arxasında isə digər məsələlər var. Reallıq isə odur ki, ATƏT sülh prosesinə dair məsələləri müzakirə etmək niyyətində deyil. O baxımdan Yan Borqun regiona səfəri çərçivəsində sadəcə rutin məsələlər müzakirə ediləcək”.