NATO Rusiyanın “qulağının dibində” hərbi qərargah yaradır

Şimali Atlantika Alyansının Skandinaviya ölkələrindəki quru qoşunlarının qərargahı Finlandiyanın Mikkeli şəhərində, Rusiya ilə sərhəddən təxminən 140 km aralıda yaradılır.

Bu barədə “İltaLehti” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Norveçin müdafiə naziri Byorn Arild Qram da Finlandiyada qərargah yaradıldığını açıqlayıb: “NATO quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək. Müdafiə qüvvələrimizin komandanı bunu tövsiyə edib”.

Sülh dövründə qərargah NATO-nun regionda təlim fəaliyyətlərini planlaşdıracaq və həyata keçirəcək. Xəbərdə deyilir ki, yaradılan yüksək hazırlıqlı qərargah adlanan təşkilat gecə-gündüz işləyəcək və ABŞ-ın şərq sahilindəki Norfolkdakı qərargahına hesabat verəcək. Qəzet qeyd edir ki, “bu məsələ iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinin gündəliyindədir”. /musavat.com/