Mart ayının 29-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-publisist Rəfail Tağızadənin “Qarabağ – həsrətdən zəfərə” kitabının təqdimatı keçirildi. Tədbiri Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid açaraq şair-publisist Rəfail Tağızadə “Qarabağ – həsrətdən zəfərə” kitabında Qarabağın həsrət və zəfərini xüsusi, hiss və duyğularla yazdığını qeyd edərək bu kitabın işıq üzü görməsi münasibəti ilə müəllifi Yazıçılar Birliyinin sədri Anar müəlimin və rəhbərliyin adından təbrik etdi və onu da qeyd etdi ki, kitabdakı yazıların əksəriyyəti Azərbaycan radiosunda səsləndirilib. Sonda tədbiri aparmaq üçün sözü Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə verdi.
İlqar Fəhmi Rəfail Tağızadənin yaradıcılığı və “Qarabağ – həsrətdən zəfərə” kitabının özəlliklərindən – kitabdakı esse, publisistlik yazılardan və onlara uyğun şeirlərin verilməsinin fərqliliyindən danışaraq müəllifin şəhidlərə həsr etdiyi şeirdə bayrağımızı yeni ifadə formasında təqdim etməsinin diqqət çəkdiyini bildirdi. Sonra söz çıxışçılara verildi.
Yazıçılar Birliyinin katibləri Elçin Hüseynbəyli şairin eyni həvəslə nəsrə keçməsindən, Səlim Babullaoğlu Rəfail Tağızadənin özünəməxsus və seçilən poeziyasından və tərcümələrindən danışdılar. Dünya şöhrətli alim Rafiq Əliyev Rəfail Tağızadə yaradıcılığına qeyri-səlis məntiqlə baxışdan, gözəl şair, publisist, tərcüməçinin, vətən sevdalısının bir insan, bir dost kimi səciyyələndirərkən onun dosta, ailəyə, vətənə, xalqa, dövlətə sədaqətini ön plana çəkdi. Şeir hissin mənzərəsidir, – deyən Xalq şairi Ramiz Rövşən Rəfail Tağızadənin şeirlərindəki hissin poetik mənzərəsini “Vaqonun altından asılan beşik” şeir nümunəsində göstərdi və şeirlərdə həm də kifayət qədər paradoksallığın olduğunu bildirərək, əslində poeziya paradoksallıqdır dedi. Rəfailin kitabları Qarabağnamədir. Sakit təbiətli, tərbiyəli, danışığı, ciddiliyi ilə seçilən Rəfail dostumuzun imkanları genişdir və inanıram ki, gələcəkdə ondan istifadə edəcək deyə, fikrini yekunlaşdırdı. Professor Rüstəm Kamal çıxışına mən şairlərə ya inanıram, ya inanmıramla başladı. Mən Rəfail Tağızadəyə şair kimi inanıram. Elə şeirlərinə də. Onun şeirlərində, esselərində çox möhtəşəm detallar var. O, Qarabağ haqqındakı gözəl detalları heç yerdə saxtalıq etmədən poeziyaya, yazılara gətirib. Mədəniyyət və İncəsənət universitetinin kafedra müdirləri, professorlar – dramaturq Əli Əmirli müəllifin qazilərə həsr etdiyi şeirlərdən, birlikdə Ağdamda səfərdə gördükləri Ağdam Dram Teatrından qalan arkalar haqqındakı poetik ifadələrdən, Əməkdar artist Azad Şükürov Rəfail müəllimin şeirlərini rəssamın yaratdığı tabloya bənzətdi və müəllifin “Qazi yığıncağı” şeirini sələndirdi. Slavyan universitetinin professoru Flora Naci Rəfail Tağızadənin şeirlərinin vurğunu olduğunu və onun şeirlərini sevə-sevə rus dilinə çevirdiyini bildirdi. Nizami adına Ədəbiyyat institutunun elmi katibi, dosent – kitabın ön sözünün müəllifi Aygün Bağırlı çıxışında kitabın ilk səhifələrini oxuduqdan sonra böyük məmnuniyyətlə kitaba ön söz yazdığından, kitabdakı həsrətin və zəfərin ağrı və sevincinin ifadə təsirindən bəhs etdi. Filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Zemfira Məhərrəmli Rəfail Tağızadənin Qarabağ mövzusuna xüsusi həssaslıq və sevgiylə yanaşdığını, şeir, esse və publisistik yazılarındakı yanğıdan söz açdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı müəllifi bu dəyərli kitab münasibəti ilə təbrik edərək şairin “Mən sənin nəyinəm, Vətən” şeirini səsləndirdi. Azərbaycan Pedoqoji universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova vətənpərvər ziyalı, şair, publisist, Rəfail Tağızadənin cəbhə xatirələrindən, duyğu və təəssüratlarından yoğrulan “Qarabağ – həsrətdən zəfərə” kitabını xalqımızın 30 ildə başına gətirilən müsibətlərin, ağrı-acıların, Zəfər sevincinin yüksək poetik ifadəsi, bədii salnaməsi adlandırdı. Sabiq millət vəkili Çimnaz Əliyeva çıxışında söylədi ki, Rəfail Tağızadə kitabda o anları yaşayanların yaşantılarını, hisslərini o qədər səmimi və dürüst yazıb ki, şəxsən mənə elə gəlir ki, bunlar mənim hisslərimdir. Sonda müəllifin növbəti əsərlərinin müzakirəsini, kitablarının təqdimatını Ağdamda keçirilməsini arzuladı. Yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli kitabın hiss və duyğulardan ibarət olduğunu və şeirlərdən birindəki “Yolçu ordan quş göndər, Dimdiyində torpağım…” ifadəsinin təsirindən çıxa bilmədiyindən, yazıçı Təranə Məmməd Rəfail Tağızadə yaradıcılığını “qəlbləri titrədən mizrab” adlandırmaqda səhv etmədiyini, “Qarabağ – həsrətdən Zəfərə” kitabı həqiqətən oxucuları laqeyd qoymayacağını, kitabın Rəfail müəllimin yaradıcılığındakı Qarabağ mövzusuna layiqli nümunə olduğunu dedi. Ədəbiyyat müəllimi, publisist Bəsti İsmayıl Rəfail Tağızadənin yaşanaraq yazdığı Qarabağ, müharibə, qazi, şəhidlər şeirlərini məktəblilərə öyrətdiyini söylədi. Araşdırmaçı-yazar Vaqif Osmanlı fikrini: “Adil Mirseyidin ifadəsi ilə desək qazi şair-publisist Rəfail Tağızadə şeir və yazılarını ürəyinin qanıyla yazan söz adamıdır və “Qarabağ – həsrətdən zəfərə” kitabı utanc tariximizdən Zəfər tariximizə şərəfli yolumuzun döyüş salnaməsidir”, – deyə bitirdi.
Sonda müəllif Rəfail Tağızadə təqdimata gələnlərə öz təşəkkürünü bildirərək Şuşaya bayraq sancan Şuşa fatehi, gizir Yaşar Hüseynova tədbirə qatıldığı və o müqəddəs məqam üçün xüsusi minnətdarlığını bildirdi.
Elman Abbasov