Gürcüstanın müstəqil siyasi xətt planı və xarici agentlər: Qərb Tbilisini inqilabla hədələyir – ŞƏRH + FOTO

Postsovet məkanına nəzarəti ələ keçirməyə çalışan Qərb növbəti dəfə Gürcüstan hakimiyyətini hədəfə alıb. Əksər Qərb strukturları hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsinə sərt reaksiya verib.

Qanunverici orqan çoxluğunun lideri və hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze analoji təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra xarici agentlərlə bağlı qanun layihəsini yenidən parlamentə təqdim etdiklərini açıqlayıb. O deyib ki, “xarici təsir agenti” termini istisna olmaqla, qanun layihəsinin mətni əvvəlki kimi saxlanılıb. Əvəzində “xarici gücün maraqlarını güdən təşkilat” anlayışından istifadə olunub. Qanun layihəsinə verilən izahata görə, xarici dövlətlərin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatına başlamaq lazımdır. Həmçinin, qeyd edilir ki, qanunvericilik aktı yalnız məlumat məqsədinə xidmət edir və xarici maraqların dirijoru kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq.

M.Mdinaradze əlavə edib ki, layihənin parlamentin yaz sessiyasının sonuna qədər qəbul edilməsi planlaşdırılır. Lakin onun normaları fiziki şəxslərə şamil edilməyəcək. Gəlirlərinin 20%-dən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaqlar. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq.

Hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsi müxalifət və ölkə Prezidenti Salome Zurabişvili arasında mənfi reaksiyaya səbəb olub. Dövlət başçısı hökumətin hərəkətlərini ölkənin Avropa İttifaqı yolunda təxribat adlandırıb.

Artıq Gürcüstan parlamentində adıçəkilən qanun layihəsi rəsmi qeydiyyata alınıb. Sənəd layihəsi aprelin 8-də büro iclasında təqdim olunacaq və bundan sonra qanunverici orqanın plenar toplantısında müzakirəyə çıxarılacaq. Tbilisinin bu qanun layihəsini irəli sürməklə hədəfi nədir və Qərb nədən narazıdır?

Birincisi, hökumət ölkədə “at oynadan” Qərb şəbəkəsinin təşkilatlanmasına, genişlənməsinə, QHT və medianı ələ almasına artıq göz yummaq niyyətində deyil.

İkincisi, iqtidar bu sahədə nəzarəti gücləndirməklə ictimai rəyin Qərbdən idarə olunmasına yol vermək istəmir. Qeyd edək ki, Qərb strukturları GIPA jurnalistika proqramı çərçivəsində kadrların hazırlanması və s. həyata keçirməyə çalışır. Tbilisi də bu qanun layihəsini qəbul etməklə çirkin ssenarilərə qarşı çıxır. Reallıq odur ki, Qərb şəbəkəsi Gürcüstanda o qədər geniş şaxələnib ki, artıq hakimiyyət bunun qarşısını almağın zəruri olduğunu başa düşüb.

Üçüncüsü, Gürcüstanı “zəif bənd” kimi götürən Qərb onun vasitəsilə Azərbaycanla da bağlı çirkin planlarını reallaşdırmağa çalışır. Qanunsuz şəbəkələrə maliyyəni də Tbilisi üzərindən göndərməyi planlayır.

Dördüncüsü, Tbilisi qanun layihəsini qəbul etməklə həm də gürcü xalqının mentalitet və dəyərlərinin dəyişilməsinə çalışan qüvvələri zərərsizləşdirməyə çalışır.

Maraqlı və ciddi müzakirə olunası digər məsələ odur ki, uzun illərdir Gürcüstanı azadlıq, demokratiya, insan haqlarının qorunduğu ölkə kimi təqdim etməyə çalışan Qərbin “prioritet”ləri dəyişib. Görünür, bu ölkənin müstəqil siyasət yürütməsini artıq həzm edə bilmirlər.

Yeri gəlmişkən, Gürcüstanı hədəfə alanlar saysız-hesabsızdır. Avropadan tutmuş ABŞ-yə kimi əksəriyyət Tbilisini hədəfə alıb. Məsələn, BMT-nin İnsan Haqları ofisi Gürcüstan hökumətinə “Xarici təsirlərin şəffaflığı haqqında” Qanun layihəsini qəbul etməməyə çağırıb. Təşkilatın “X” platformasındakı paylaşımında bu qanun layihəsini geri çəkməyə çağırış əks olunub. “Bu, söz və birləşmək azadlığına ciddi təhdid törədir”, – bəyanatda bildirilib.

Gürcüstanı vaxtilə postsovet məkanında “demoktatiya mayakı” adlandıran ABŞ senatorları isə bildiriblər ki, Tbilisinin xarici agentlər haqqında qanun layihəsini gündəmə qaytardığını müşahidə etmək həddindən artıq məyusedicidir:

“Bu, ölkəni daha da parçalayır və Rusiyanın vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq və siyasi müxalifəti boğmaq üçün istifadə etdiyi qanunlara bənzəyir. Gürcüstanda demokratik hökumətin bunun üçün heç bir əsası olmamalıdır”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə qanun layihəsinin Gürcüstanı Avropa yolundan uzaqlaşdıracağından və vətəndaşların həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən çox narahat olduqlarını bildirib:

“Biz Gürcüstan hökumətini Avropa İttifaqının istəklərinə əməl etməyə çağırırıq”. Hətta NATO Baş katibi Yens Stoltenberq də narazılığını ifadə edib. O, sənəd layihəsinin yenidən qanunverici orqana təqdim edilməsinə qarşı olduğunu, bunun Gürcüstanda demokratik təsisatların güclənməsinə qarşı bir addım olduğunu dilə gətirib. Baş katib deyib ki, Gürcüstan NATO və Avropa İttifaqına yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir.

Bir faktı da qeyd edək ki, Gürcüstanın Qərbdəki tərəfdaşları, Avropa İttifaqı, BMT və ölkədəki qeyri-hökumət təşkilatları, o cümlədən müxalifət qanun layihəsinin əleyhinə çıxışlar etsə də, hakim partiyanın sədri İrakli Kobaxidze onun bütün hallarda qəbul ediləcəyini bildirib.

Beləliklə, gözləmək olar ki, gələn həftədən etibarən Gürcüstana qarşı total hücum başlayacaq. Bu da onu göstərir ki, Qərb üçün dövlətlərin müstəqil siyasətinin dəyəri yoxdur. Demokratiya və insan hüquqları anlayışı onlar üçün sadəcə, görüntüdür.

“Report” İnformasiya Agentliyi

Mənbə