Səkkiz kəndin azadlığı: İrəvan prosesi uzatsa, Bakının cavabı sərt olacaq – ŞƏRH + FOTO

Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına mane olan bir neçə məqam var. Bunlardan biri də xeyli müddətdir müzakirə olunan və rəsmi Bakının gündəlikdə saxladığı Azərbaycanın Ermənistanın işğalı altında olan səkkiz kəndinin hələ də geri qaytarılmamasıdır. Belə ki, Qazaxın yeddi, Naxçıvanın isə bir kəndi hələ də erməni tapdağı altındadır. Rəsmi İrəvan son vaxtlara kimi bu məsələni unutdurmağa çalışırdı. Amma Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl özü də etiraf etdi ki, həmin yaşayış məntəqələri onlara məxsus deyil. O bildirdi ki, ermənilər ölkə sərhədlərinin haradan başlayıb, harada bitdiyini bilməlidirlər. Bu açıqlama ermənilərin həmin kəndləri işğal etdiklərinin etirafı idi. Əslində, təkcə etiraf yox, həm Ermənistanı Azərbaycanla yeni toqquşmaya təhrik edən Qərb dövlətlərinə, xüsusilə Fransaya cavab idi. Çünki rəsmi Paris, çox zaman olduğu kimi, bu məsələdə də “üç meymun” oyununu oynayır: görmək, eşitmək, anlamaq istəmir.

N.Paşinyan isə başa düşür ki, artıq nəinki onun hakimiyyəti, həm də Ermənistanın dövlətçiliyinin gələcəyi mübahisə predmetidir. Əlbəttə, Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilər bunu dəfələrlə bəyan ediblər.

Amma məsələ burasındadır ki, Ermənistan ABŞ, Fransa, Rusiya, İran kimi dövlətlərin maraqlarına xidmət etməklə riskli addımlar atır. Qərbin Yaxın Şərqdə, Şərqi Avropada etdikləri Ermənistan iqtidarı üçün dərs olmalıdır. N.Paşinyan, yəqin, başa düşür ki, bu gün onu destruktiv mövqeyə sövq edən ABŞ və Fransa sabah asanlıqla Ermənistan hakimiyyətinin “qələmini qıra” bilər. Belə bir vəziyyətdə rəsmi İrəvana yeni təhlükəsizlik təminatı lazımdır. Bunun yeganə yolu Bakı və Ankaranın regional əməkdaşlıq mühitinin təmin olunmasıdır. Bu isə o deməkdir ki, sülhə gedən yolda heç bir əngəl olmamalı, o cümlədən səkkiz kənd geri qaytarılmalıdır.

Mümkündür ki, N.Paşinyan həmin yaşayış məntəqələrinin Azərbaycan ərazisi olduğunu deməklə, sadəcə, vaxtı uzatmağa çalışır. Çünki bu bəyanat hələ heç nə demək deyil. Biz Ermənistan baş nazirindən əvvəllər də oxşar ritorika görmüşük: bir sıra hallarda rəsmi İrəvanın sözü ilə əməli üst-üstə düşmür.

Amma o da istisna deyil ki, N.Paşinyan artıq həqiqəti anlayır və həm xalqını, həm daxildəki müxalifəti, həm də ona havadarlıq etmək istəyən gücləri səkkiz kəndin qaytarılmasına hazırlayır. Bunlardan hansının doğru olduğunu zaman göstərəcək. Ancaq zaman Ermənistanın əleyhinə işləyir. N.Paşinyan öz hakimiyyətini və dövlətçiliyini düşünürsə, sözünü əməldə təsdiqlənməli, səkkiz kəndi qeyd-şərtsiz qaytarmalıdır. Əks halda nələrin baş verəcəyini Ermənistan da, beynəlxalq ictimaiyyət də yaxşı bilirlər və buna görə məsuliyyət onların üzərinə düşür. Başqa sözlə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək. Bunun üçün cəmi bir sutka bəsdir. Azərbaycan oxşar təcrübəni əvvəl də ortaya qoyub.

Ola bilsin, Azərbaycanın kəndləri hərbi yolla azad etməsi həmişə suları bulandırmağa çalışan Qərbin maraqlarına cavab verir. Elə buna görə də yaşayış yerlərinin danışıqlarla qaytarılması üçün Ermənistana çağırış etmir. Amma İrəvan Qərbi yox, öz maraqlarını düşünməlidir. Çünki Azərbaycan Ordusu öz kəndləri uğrunda hərbi əməliyyatlara başlayarsa, bunun nəticəsi Ermənistan üçün ağır olacaq. Hər şeydən əvvəl Ermənistanın səmimiliyi sual altına düşəcək, sülh imkanlarına zərbə dəyəcək. Bu isə İrəvanın arzuladığı yeni təhlükəsizlik sisteminin puç olması ilə nəticələnə bilər.

“Report” İnformasiya Agentliyi

Mənbə