Xalq artistindən etiraz: “Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər” – FOTO

“Min illərdir biz Novruza bahar, yaz bayramı demişik, yazın gəlişini qeyd etmişik. Klassiklərimiz baharın gəlişinə gözəl şeirlər yazıb, təbiətin oyanışını vəsf ediblər. Amma azərbaycanlılar üçün milli atribut sayılan papağı aparıb onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər. Bu ənənəni bizə kim gətirib?!”. 

Bu sözləri Yenisabah.az-a Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Novruz adətlərindən danışan sənətçi deyir ki, əvvəllər Novruz şənliklərində papaq atmaq ənənəsi olmayıb. Bayram payının istənilməsi üçün papaq atılması sonradan yaranıb. 

Onun sözlərinə görə, türk kişisi üçün papaq həmişə qeyrət rəmzi sayılıb:

“Türk kişisinin 3 meyarı olub: arvadı (halalı), papağı və atı. Hər kəsə məlumdur ki, o vaxt bir kişini el içində rüsvay etmək üçün onun atının quyruğunu, yalını kəsərdilər. Bu, ən böyük təhqir sayılardı. Bu gün atımız yoxdur, evlənib 3 aydan sonra boşanırıq, kəbinimiz yoxdur, arvadı bir uşaqla atırıq küçəyə, papağımızı da aparıb atırıq kiminsə qapısına. 

Qapıya papaq atmaq faktiki olaraq dilənməkdir. Biz tərəflərdə o vaxt qurşaq atardılar. Siz papağınızı atmaq istəyirsinizsə, atın, istəyirsinizsə, lap tuman-köynəyinizi də çıxarıb qapılara atın, amma bunu adət-ənənə adı altında millətə sırımayın! Bizdə bu cür adət olmayıb. Bu nə ənənədir, bu nə iyrənc şeydir?!  Bunu haradan götürüblər? Keçəl, kosa nədir?”

Şeyx Əbdül  bayramın rəmzləri olan, Novruz şənliklərində yer alan Kosa ilə Keçəlin pay yığmasını dilənçilik adlandırıb:

“Bu bayram təbiətin oyanışı ilə bağlıdır, təqvim yenilənir. Bu, Hamısıahın insanlara verdiyi lütfdür, insanları qışın soyuğundan, əzabından qurtarır, səxavətini göstərib yenidən təbiəti oyadır, ruzimiz-bərəkətimiz artır, enerjimiz çoxalır. Biz yeganə millətik ki, “S” hərfi ilə başlayan 7 neməti bayram süfrəsinə düzürük, bu başqa xalqlarda yoxdur. Biz isə israfçılıq edirik, qədir-qiymət bilmirik, dəyərlərimizi, tariximizi qorumuruq. Biz bütün bunları bir kənara atmışıq, qorumuruq. 

Çıxıb efirlərdə də deyirlər ki, uzun illər əvvəl də papaq atmışıq. Bir daha qeyd edirəm, belə şey olmayıb! Sizin dədəniz papağını atıbsa, Hamısıah işini avand eləsin, lakin mənim babam, dədəm öz papağını qapılara atmayıb! Xahiş edirəm, bunu ümumiləşdirməyək. 

Keçəl-kosa düşüb ortaya oynayır, deyir “çömçəni doldursana” və dilənçilik edir. Rusun şaxta babası isə xəz geyimdə qapılara gedib hədiyyə paylayır.

Bizi bu ruhda tərbiyə edirlər. Bu personajlar gözəldir, amma onları bir qədər dəyişmək, bahar bayramı ilə uyğunlaşdırmaq lazımdır, dilənçiliklə yox. Bizdə nə gözəl şey varsa, ona qara yaxırıq, gözdən salırıq, dilənçi, ələbaxan edirik. Sonra da həmin personajları televiziyaya, küçələrə çıxarıb təbliğ edirik.  Bu cür eybəcər təbliğatın nəticəsi də bu gün göz önündədir…”

Mənbə