“Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Deputat bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunduğunu bildirib.
“Ötən ayın əvvəlində 6,62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6,85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb. Uzunmüddətli hesab olunan, 252 günlük notlarda da oxşar artım qeydə alınmaqdadır.
Mərkəzi Bankın uçot faiz dərəcəsi isə son dəfə fevralın 1-də dəyişdirilərək 8 faizdən 7,75 faizə endirilib. Uçot faiz dərəcəsində azalmaya rəğmən Mərkəzi Bankın notlarının gəlirliliyində artım müşahidə olunur”.
Vüqar Bayramov notların faiz dərəcələrində diqqətçəkən əsas məqamlardan birinin də 28 günlük notlar üzrə son faiz dərəcəsinin 168 günlük notlarla müqayisədə cəmi 0,05 faiz aşağı olduğunu da qeyd edib.
“Bu qısamüddətli yerləşmələrə marağın artmasına ortamüddətli notlara tələbin azalmasına səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank orta və uzunmüddətli dövrlü notlara daha çox vəsaitin cəlb edilməsində maraqlı olmalıdır. Bu maliyyə qərarları baxımdan da vacibdir. Bu baxımdan, qısa və ortamüddətli notlar üzrə faiz dərəcələri arasında fiskal mütənasibliyin tapılması çox vacibdir. Ona görə də faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac var.
Bütövlükdə, Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1 milyard 295 milyon manatdır. Ötən ayın son günü ilə müqayisədə notların həcmi 33,16 milyon manat artıb”, – deyə deputat qeyd edib.