Gəncədə avtomobil təmiri sexində yanğın olub – YENİLƏNİB + FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500 kvadratmetr olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin beş boksunun yanar konstruksiyaları ümumilikdə 220 kvadratmetr sahədə və içərisində təmirə dayanmış “OPEL ASTRA” markalı minik avtomobili yanıb.

FHN-nin qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 12 boks, təmirə dayanmış beş ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan üç ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan altı ədəd oksigen balonu yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

https://www.youtube.com/watch?v=pA8XaSGMHGM

16.03.2024 23:04

Gəncədə avtomobil təmiri sexində baş verən yanğının qarşısı alınıb.

Oxu.Az-ın məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Yanğının səbəbləri araşdırılır.

22:42

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Həmin ünvanda yerləşən avtomobil təmiri sexində anidən yanğın baş verib.

Dərhal əraziyə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.