“Hərbi qulluqçuların uşaqlarına verilən aylıq müavinətin məbləği 120 manatdır”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının uşaqlarına müavinətin verilməsidir.
“Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır.
Bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir. Qeyd edək ki, bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımdan vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyil.
Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilməlidir. Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər.
Müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyil. Müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, beş gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var.
Bir mühüm məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni bu müavinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki üç il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər”, – deyə deputat bildirib.