Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Onun sözlərinə görə, belə hadisələr baş verdikdə tədbir görülməsi vacibdir, valideynlər isə bu məsələdə daha diqqətli və həssas olmalıdırlar.
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.
Qeyd edək ki, son vaxtlar məktəblilər arasında baş verən hadisələr bir daha şagirdlərin davranış qaydalarına nəzarəti gündəmə gətirib.
Xatırladaq ki, ötən il bu istiqamətdə “Şagird davranış qaydaları”nın tətbiqinə başlansa da, bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Baş verən proseslər isə məktəblilərin davranış qaydalarına yeni baxış mexanizminin yaradılmasını zəruri edir.
“Cebhe.info”-nun müsahibi Elm və təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovadır:
– Son günlər məktəblilər arasında baş verən proseslər məktəblərdə cəza mexanizmlərinin zəif olduğunu gündəmə gətirib. Bu baxımdan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində məktəblilərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza mexanizmlərinin yaradılmasını necə dəyərləndirirsiniz?
– “Uşaq hüquqları haqqında” Qanunda ciddi dəyişiklik edilməsinə ehtiyac var. Çünki həm sosial münasibətlər, həm zaman dəyişib. Eyni zamanda, qanunun əhatə dairəsi genişlənməlidir. Ümumilikdə yaxşı təşəbbüsdür. Uşaqların konstitusion hüquqlarının pozulması barədə qanunvericilikdə müəyyən maddələr olsa da, təəssüf ki, ciddi cəza mexanizmi ilə bağlı işlək mexanizm yoxdur.
Düşünürəm ki, bu qanun işlək mexanizmlərin olmasına gətirib çıxarmalıdır. Qanunda maddələrin olması o demək deyil ki, problem həll olundu. Ancaq mütləq şəkildə qanunvericilik bazası mükəmməl olmalıdır. Bizdə “Şagird davranış qaydaları” var və məktəblərdə ötən ildən tətbiq olunur.
Uzun zamandır ki, bununla bağlı təbliğat, təşviqat aparmağımıza baxmayaraq, cəmiyyətin müəyyən qurumları, xüsusilə də valideynlər bunu tam mənimsəməkdən çəkinirdilər.
“Şagird davranış qaydaları” məktəbin daxili nizam-intizamını tənzimləyən qaydalar toplusudur və mükəmməl bir sənəddir. Ona görə ki, həm beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb, həm də ictimai dinləmə ilə müzakirəyə çıxarıldı, qaydaya əlavə və dəyişiklik edildi. Ümumiyyətlə, düşüncə belədir ki, biz uşaq və cəza növünü bir yerdə işlətməyək. Biz primitiv tədbirləri elə quraq ki, o cəzalara da ehtiyac qalmasın. Ancaq təəssüf olsun ki, bəzi məqamlarda artıq məsələlər elə mərhələyə gəlib çatıb ki, mütləq şəkildə cəzasızlığın önə çıxmaması üçün müəyyən tədbirlər görmək olar.
Mənim üçün əsas məsələ bu qanunvericilikdə, valideyn məsuliyyətinin artırılması ilə bağlıdır. Qanunvericilikdə, İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyəti işlənib. Ancaq valideyn məsuliyyətinin konkret olaraq göstərilməsi və valideyn uşağın hansı hərəkətinə görə məsuliyyət daşıdığını və onu nə gözlədiyini bilməlidir. Bu, cəza mexanizmində aydın və konkret olmalıdır.
-Sizcə, yeni mexanizm işlək olacaqmı?
– Biz qanunları, qaydaları yaxşı hazırlayıb yarada bilirik və bu istiqamətdə Azərbaycanın qanunvercilik bazası kifayət qədər mükəmməldir. Ancaq əsas odur ki, bu, mexanizmi necə işlədəcəyik. Əgər bir kağız toplusu kimi saxlayacağıqsa, bu, effekt verməyəcək. Bunu mexanizm kimi işlədəcəyiksə, məsələn, icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya, DİN , uşaq inspektorları, uşaq hüquqlarına məsul olan digər qurumlar arasında konkret fəaliyyət üzrə mexanizm qurulacaqsa, nəticə olar. Bu gün Finlandiya, Norveç uşaq hüquqları müdafiəsi ilə bağlı ən çox addımlar atan ölkədir. Ancaq o ölkələrdə də hadisələr baş verir. Mexanizm, hansısa hadisə baş verəndə buna məsul olan qurumların öhdəliyinə düşən işlərin operativ, koordinasiyalı şəkildə aparılmasıdır.
Əgər mən sənədi göndərdimsə, məsələ onlayn platforma üzərindən təcili həll olunsun. Məsələn, uşağın sağlamlıq hüququ pozulubsa, həmin anda TƏBİB-in ölçü götürməsi, DİN-in işə qarışması və s. kimi asan, çevik işləyən mexanizmə çevrilməlidir. Biz bunu formalaşdırmaq üçün illərdir ki, çalışırıq. Məişət zorakılığı mübarizə sahəsində bu koordinasiyaya müəyyən qədər nail olunub. Ancaq tam deyə bilmərik ki, problem aradan qaldırılıb. Müəyyən çeviklik digər məsələlərə münasibətdə hiss olunur.
– Son vaxtlar aktual olan mövzulardan biri də erkən nikahlar, qızların məktəbdən yayındırılaraq evləndirilməsinə təşəbbüsdür. Yeni qanun bunun qarşısını ala biləcəkmi?
– Son zamanlar erkən nikahlarla bağlı məsələdə müəyyən qədər çeviklik hiss olunur. Uşaq müdafiəsi ilə bağlı bu müsbət nəticə həm məktəbin, həm dövlət komitəsinin , həm uşaq inspektorlarının, DİN-nin, yetkinlik yaşına çatmayanlarla iş şöbəsi və aidiyyəti qurumlarla birlikdə işinin nəticəsində olacaq. Mən “Uşaq hüquqları haqqında” Qanunun ilkin variantı ilə tanışam. Çox yaxşı nüanslar var. “Şagird davranış qaydaları” da öz növbəsində yaxşı işlənib hazırlanmış bir qaydalar toplusudur. Əgər qanundan irəli gələn hər hansı bir dəyişiklik və təklif meydana çıxarsa, onu da əlavə edə bilərik ki, məktəblərdə işlək mexanizmə çevirək.
– Ümumiyyətlə, şagirdlərin davranış qaydaları, bu sahədə mövcud problemlərin həlli istiqamətində hansı təkliflər irəli sürərdiniz?
– Mən təklif edərdim ki, bu davranış qaydaları bütün məktəblərdə həyata keçirilsin. Uşaq təhlükəsizlik məsələsi daha da güclənsin. Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” kimi bahalı layihələri var. Sosial pedaqoqların sayı artırılsın və ailələrlə iş gücləndirilsin. Ailə Dəstək Mərkəzləri yalnız regionlarda yox, Bakıda və eyni zamanda icra hakimiyyətləri yanında formal yox, real fəaliyyətə keçməlidir.
Biz xidmətlərin bir çoxunu vətəndaşın ayağına aparmağa öyrəşməliyik. Məsələn, bu gün televiziyada izlədiyimiz sosial pedoqolar evə gəlir, uşaqları yoxlayır, mütəmadi olaraq məktəbə gedib-getmədikləri ilə maraqlanırlar və s. Bütün bu yükü məktəbin üzərinə ata bilmərik. Reallıqda mümkün deyil. Məktəb əsasən tədris verən qurumdur. Ancaq təlim-tərbiyə ilə bağlı digər qurumlarla iş qurmaq olar. Ailəyə mütləq şəkildə müdaxilə yox, gedib ailənin vəziyyəti ilə maraqlanmaq lazımdır. Sovet dövründə ailəyə gələn həkimlər olurdu, uşaqlarla maraqlanırdı.
Əgər valideyn uşağın məktəbə getməməsi üçün gedib saxta sağlamlıq arayışı alacaqsa, o zaman biz bu mexanizmi qurmaqda çətinlik çəkəcəyik. Ancaq biz həqiqətən ortaya iradə qoysaq ki, uşaq müdafiə sistemi formalaşsın, o zaman qanunun tələblərini də həyata keçirmək mümkün olacaq. Sosial şəbəkədə baş verən prosesləri ilk dəfədir görürük kimi, reaksiya veririk. Ancaq bu, bizim gündəlik həyatımızın bir parçasıdır.
Bu, yalnız məktəbdə yox, hər yerdə baş verə bilər. Bunun üçün də anında müdaxilə və çevik sistemin qurulması lazımdır. Əgər ailə bizimlə ünsiyyətdə olmursa, vəziyyəti qiymətləndirməyə icazə vermirsə, bu halda ictimai nəzarəti həyata keçirməkdə çətinlik çəkirik. Çünki əlimizdə o ailələrə təsir mexanizmi yoxdur. Yüzlərlə hal olur ki, IX sinifdə oxuyan uşaq təhsilin digər pillələrini oxumaq istəsə də, valideyn buna icazə vermir. Bizim bu faktları, statistikanı görmək imkanımız təəssüf ki, mümkün deyil.
Hələ də sənədsiz uşaqlar var. Nişanlanma adı ilə erkən nikahlanma niyə var? Bu qurumlar koordinasiyalı işləməlidir. Müəllim deməlidir ki, uşaq dərsə gəlməyib və yerli qurumlar ölçü götürüb onun dərsə gəlməsinə nail olmalıdır. Bizdə ailəyə müdaxilə məsələsində mədəni bir stereotiplərimiz var. Ancaq bu uşaq yalnız o valideynin deyil, həm də dövlətindir. Həm dövlət qurumları, həm QHT-lər, həm də ictimai nəzarət mexanizmi mütləq bu məsələdə iştirakçı olmalıdır. Valideynlər övladlarını şəxsi mülki kimi davranmaq düşüncəsindən çıxmalıdırlar.
Zorakılıq bizim tərbiyə üsulunun bir parçası olmamalıdır. Uşağın təhsil haqqını əlindən almağa heç kəsin ixtiyarı yoxdur. 12-13 yaşlı uşaq evlənmək qərarı verə bilməz, əksər hallarda onlar təhsilini davam etdirmək istəyir. Çox təəssüf olsun ki, təhsilin davamiyyəti ilə bağlı çətinlik çəkdiyimiz məqamlar var. Bu faktları gizlətsək, nəticəyə nail ola bilməyəcəyik. Valideynləri silkələmək lazımdır. Bizim klassik ailə institutu güclü bir institutdur. Bizim danışdığımız neqativlər müəyyən bir qurupda baş verir.
Biz o qrupla işləməliyik ki, istədiyimiz nəticəyə nail olaq. Əgər statistikada görsək ki, erkən nikahdan doğulan uşaqların sayı ötən il pik həddinə çatıb, demək, problem var. Biz bunun kökünü araşdırdıqda görürük ki, valideynlər qanunvericilikdəki boşluqdan faydalanırlar. Valideynlər dərk etməlidirlərki, uşaq özəl mülkiyyət deyil, dövlətindir.