Əsas vəzifə gənc nəslin vətənpərvərlik və milli ənənələr ruhunda tərbiyə olunmasıdır

7 fevral 2024-cü il tarixi Azərbaycanın ictimai-siyasi həyatına xüsusilə yazılan tarixi günlərdən daha bir oldu. Həmin gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Çox yüksək seçici fəallığı ilə (76,43 faiz) keçən bu seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçi, eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektinnin 217 təmsilçi də bu seçkiləri izlədilər.
Fevralın 14-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bu mərasimin ona görə tarixi əhəmiyyət var idi ki, bu dəfə ölkə prezidenti bütün ölkə ərazisində keçirilən seçkilər nəticəsində seçilmişdi: “Bu, da “Sözümüz imzamızdır” deyən Prezident İlham Əliyevin verdiyi sözə əməl etməsinin nəticəsində baş verirdi. 2003-cü ildə ilk dəfə prezident seçiləndə İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. Bundan sonra 2018-ci ildə andiçmə mərasimində Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. İki ildən sonra Vətən müharibəsində tarixi Qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Qələbə və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi.
Öz çıxışında dövlət rəhbəri bir çox məsələlərə toxundu, qonşu Ermənistanla olan münasibətlər xüsusi vurğulandı. Qeyd edildi ki, bu gün dünyada gedən prosesləri hər kəs görür. Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Təbii ki, bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlayıblar. Ölkəmiz bunu artıq 20 ildən çoxdur ki edir. Bu gün ordumuzun əldə etdiyi təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır. Bizim Ordumuz öz gücünü təlimlərdə və paradlarda yox, döyüş meydanında göstərib. Cənab İlham Əliyev bildirib ki, “Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir. Bu gün onu da bildirməliyəm ki, bir çox ölkələr üçün bu, əsas vəzifə kimi artıq qəbul olunub, onların hərbi doktrinalarında, onların büdcə xərclərində və digər addımlarda da bunu əyani şəkildə görmək olur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. Ona görə bu amil həmişə mövcud olacaq”.
Bildirilib ki, biz, eyni zamanda, sərhədlərimizi daha da güclü qorumalıyıq. Bu istiqamətdə də önəmli addımlar atılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan işğal altında olan Azərbaycan-İran sərhədinə nəzarəti bərpa edib, qoşunlarımız həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində yerləşdirilib.  Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulub. Ölkəmiz özünün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərinin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən, həm də özünü ideoloji risklərdən qorunacaqdır.
Bu gün ideoloji risklər sərhəd tanımır. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi demək olduğundan bu məsələyə çox ciddi yanaşılacaqdır.
Ölkə başçısı qeyd edib ki, “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq – biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir”.
Bu gün ölkədə elə bir gənc nəsil yetişdirilməlidir ki, onlar da daim yaşlı nəsil kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, – təkcə son 30 il ərzində yox, – torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.
Azərbaycanda bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atılacaqdır. Azərbaycan xalqının həmrəyliyi onun əsas uğurlarındn biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, 
Vətən müharibəsi qazisi

Mənbə