Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçusunun yaralanması hadisəsinə cavab tədbirlərinin görülməsi təbii haldır. Azərbaycan Ordusu qarşı tərəfin təxribat məntəqələrini zərərsizləşdirməsi zəruri idi. Ermənistan hakimiyyəti anlamalıdır ki, hər hansı təxribat xarakterli addımlar mütləq cavablandırılacaq.
Bunu “Xalq Cəbhəsi”nə ekspert Əkrəm Bəydəmirli deyib.
O, qeyd edib ki, uzun illər davam edən cəzasızlıq mühiti, dinc insanların həyatına qəsd etmə halları 2020-ci ilin 27 sentyabrından sonra dəyişib. Beynəlxalq hüquq və ölkələrin imzaladığı konvensiyalarda da təsbit olunur ki, hər bir ölkə öz suveren ərazisində təhlükəsizliyi təmin etməlidir. O baxımdan Azərbaycan sərhədinə, əsgərinə qəsd olursa, bu, dərhal adekvat cavablandırılmalı idi. Ermənistan da, onu dəstəkləyənlər də birdəfəlik anlamalıdırlar ki, Azərbaycan təxribatları cavabsız qoymur:
“Digər sual doğuran məqam odur ki, Ermənistanla Azərbaycan arasında Avropa Birliyinin müşahidə aparan missiyası erməni hərbçilərinin təxribatlarına niyə reaksiya verməyib. Onların hansı dövlətin, hansı missiyası ilə regiona gəldiyi bəllidir. Ən azından Avropa Birliyinin müşahidə aparan bu nümayəndələrinin məqsədi gerçəkdən sülhə töhfə verməkdirsə, sərhəddə baş verən erməni təxribatına münasibət bildirməlidir”.