Vətəndaş cəmiyyətləri insanlarla yaxından işləməli, öz fəaliyyətlərini daha çox işıqlandırmalıdırlar. Qeyd etmək istərdim ki, ölkəmizdə mövcud olan QHT-lər və insanlar arasında vətəndaş cəmiyyəti quruculuğuna maraq son illərdə daha da güclənib. Buna səbəb QHT-lərin uğurlu fəaliyyəti və dövlətin vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi dəstək, bu sahədə qəbul etdiyi qanunlar, qərarlardır. Bu qanunların qəbulundan istifadə edən QHT-lər öz fəaliyyətini daha da genişləndiriblər. Vətəndaş cəmiyyətinin əsasını təşkil edən QHT-lər onun fəlsəfəsinin, ideyalarının reallaşması istiqamətində fəaliyyət göstərməlidirlər. Bu istiqamət vətəndaşların sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının bu və ya digər vətəndaş cəmiyyəti institutuna qoşularkən tam özfəaliyyət qabiliyyətinin yüksək səviyyədə olmasıdır. QHT-lər də öz növbəsində dövlətin müxtəlif sahələrdəki fəaliyyətinə kömək etməli, ictimai-siyasi prosesləri müşahidə etməli, təhlil edərək münasibətlərini bildirməlidirlər. Eləcə də siyasi qurumlar…
Müasir dövrdə siyasi sistemin xarakterindən asılı olmayaraq dunyanın bütün dövlətlərində iqtidar müxalifət münasibətləri mövcuddur. Bu fəaliyyət siyasi münasibətlərin əsas subyekti olan partiyalar vasitəsilə həyata keçirilir. Siyasətdə müxalifət öz siyasi proqramını hakim fikrə, siyasi kursa qarşı qoymaq deməkdir. Müxalifətin mövcudluğu demokratik sistemin təkzibolunmaz elementidir. Əslində milli maraq və mənafeləri hər şeydən üstün tutan müxalifətin fəaliyyəti hakimiyyətin fəaliyyətinin canlanmasına, öz alternativ düşüncələri ilə ölkə qarşısında duran vəzifələrin daha sürətlə gerçəkləşməsinə xidmət etməlidir. Dünyanın ən aparıcı ölkələrində müxtəlif meyilli müxalifət modelləri mövcuddur. Bunlar liberal dəyərlərə söykənən, cəmiyyətin demokratikləşməsinə çalışan və hər bir yeniliyi dəstəkləyən modernizator müxalifət, digəri isə avtoritar üsul idarəçiliyinə üstünlük verən, hər bir yeniliyin dövlətin sabahı üçün təhlükə olduğundan təşvişə düşən və hər hansı bir dəyişiklikləri dərhal qəbul etməyən konservativ müxalifətdir. Ancaq hər iki halda dövlət və xalq maraqları müxalifət partiyaları üçün əsas şərt kimi qəbul edilməlidir. Siyasi partiyaların inkişaf təkamülü müxalifətlə iqtidar arasında münasibətlərin sivil qaydada formalaşmasını tarixi zərurətə çevirir.
Təəssüf ki, respublikamızda özünü müxalifətçi adlandıran, yaxud əslində bütün fəaliyyəti dövlətə və xalqa qarşı yönələn bəzi partiyalar mövcuddur. Azərbaycan reallığında radikal müxalifət dedikdə fəaliyyəti müxalifətçiliklə qətiyyən uzlaşmayan, müxalifət funksiyasını və missiyasını yerinə yetirməkdən çox uzaq olan bir qruplaşma nəzərdə tutulur. Bu qruplaşma elektoratın ciddi dəstəyinə nail olunmasında, ümumxalq, ümumdövlət mənafeyli məsələlərin müəyyənləşdirilməsində və həyata keçirilməsində cəmiyyətə və dövlətə yardımçı olmaq, cəmiyyətin nüfuzlu, siyasi-mədəni elitasının rəğbətini qazanmaq, beynəlxalq ictimai rəydə nüfuzlu siyasi qüvvə obrazını yaratmaq məsələlərinin heç birində irəliləyişə nail ola bilməmişdir. Bugünkü müxalifətin ölkədə və dünyada siyasi gerçəklikdən baş verən keyfiyyət dəyişikliklərinə köklənə bilməməsi, konkret tarixi şəraitə uyğunlaşmaması, dövrü və insanları düzgün qiymətləndirməməsi onların iflasını qaçılmaz etmişdir. Bu baxımdan Azərbaycan vətəndaşı üçün tamamilə maraqlı olmayan, fəaliyyətinə böyük şübhə ilə yanaşılan, barəsində həm ironiya, həm kinayə ilə danışılan insanları müxalifət adlandırmağa haqqımız yoxdur. Sırf radikalizmə, dağıdıcılığa yuvarlanmış insanları müxalifət adlandırmağımız düzgün deyil. Artıq Azərbaycanın siyasi səhnəsində belə insanlar duruş gətirə bilmirlər.
Qeyd etdiyim kimi, müxalifətin əsas vəzifələrindən biri dövlətin maraq və mənafelərinin qorunmasıdır. Milli həmrəyliyin əsas şərti odur ki, milli maraq və mənafelərin təmin olunması üçün müxalifət mütləq iqtidarla bir araya gəlməlidir. Dəyişən dünyamızda, ətrafda baş verən çeşidli fəlakətlər fövqündə özünü müxalifət adlandıran hər bir Azərbaycan siyasətçisinin ən böyük amalı dövlət müstəqilliyimizin qorunmasına xidmət etmək olmalıdır. Çünki milli müstəqilliyin qorunması elə bir komponentdir ki, bunsuz heç bir dövlət mövcud ola bilməz. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimiz bizim milli sərvətimizdir. Azərbaycan dövlətinin qazandığı bütün uğurların adı bugünkü iqtidarla, onun apardığı siyasətlə bağlıdır. Bu siyasətin gerçək nəticəsini Azərbaycan vətəndaşları görür və hiss edirlər. Müqayisə imkanı olan hər bir şəxs bugünkü radikal müxalifətin dediyi ilə gerçəklik arasında bir müqayisə apararaq proseslərin kimin xeyrinə olduğunu çox aydın dərk edir. Əgər bu gün Azərbaycan iqtidarının əsas şüarları “Hər şey Azərbaycan naminə!”, “Azərbaycanın sabahı və tərəqqisi üçün!”, “Hər şey Azərbaycan vətəndaşının rifahının yüksəlməsi üçün!”, “Hər şey Azərbaycanın hərbi qüdrətinin gücləndirilməsi üçün!”, “Hər şey Azərbaycan vətəndaşının sabaha inamının daha da gücləndirilməsi üçün!”dürsə, onda bəs radikal müxalifətin amalı nədir? İqtidarın əsas amalı Azərbaycanın müstəqilliyinin əbədi olmasından, qorunmasından ibarətdir. İqtidarın məqsədi dünyada cərəyan edən proseslərin, baş verən hadisələrin fonunda Azərbaycanın Cənubi Qafqazda siyasi sabitliyə, iqtisadi tərəqqiyə malik olmuş bir məkan kimi qorunub saxlanılmasıdırsa, bəs radikal müxalifətin istəyi nədir? Onun istəyi Azərbaycanın parçalanması, siyasi sabitliyin aradan qaldırılması, vətəndaşların çaşqınlığa meyilli kütləyə çevrilməsidir. Radikal müxalifətin ən böyük istək və arzusu bax, budur.
Hazırda cəmiyyətimizi maraqlandıran əsas məsələlərdən biri də iqtidar və müxalifət təmsilçiləri arasında baş tutan görüşlərdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi, siyasi partiya rəhbərləri ilə görüşlər keçirir. Məlumata görə bu günə qədər 11 siyasi partiyalar ilə görüşlər keçirilib. Qeyd edək ki, görüşlərdə siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar, ictimai – siyasi vəziyyət, iqtidar – müxalifət münasibətləri mövzusunda diskusiyalar aparılmışdır. Hesab edirik ki bu dialoqlar ümumxalq, ümumdövlət mənafeyli məsələlərin müəyyənləşdirilməsində və həyata keçirilməsində cəmiyyətə və dövlətə yardımçı olmaq istiqamətində əhəmmiyyətli addım olacaqdır.
Ölkə Prezidenti tərəfindən “Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi edib. Bu da çox ciddi addımdır” istiqamətindəki fikirləri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən də, yüksək dəyərləndirilir. Prezidentin “O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq” fikri dialoqdan imtina edən Əli Kərimlinin bu istiqamətdə atdığı qərəzli mövqeyinə əsl cavab oldu.
Qeyri-Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti təmsilçiləri ictimai-siyası prosesləri daima izləyir, xalqla-dövlət arasındakı münasibətlərin formalaşması, aparılan məqsədyönlü islahatları, seçki prosesini yaxından müşahedə edir. Növbədənkənar parlament seçkilərində 1300-dən çox namizədin deputat mandatı uğrunda mübarizəyə qoşulmasını demokratiya və qanunun aliliyinin təzahürü kimi qiymətləndirilir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir.
Məlum olduğu kimi mart ayının 10-da altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda müstəqillik tariximizdən bəri ilk dəfə olaraq parlamentə xanım spiker seçildi. Bir daha şahidi olduq ki, gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin başlıca məqsədlərindəndir. Hesab edirik ki, bu hadisə Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını artırmaqla yanaşı cəmiyyətimizin inkişafı və dövlət quruculuğu prosesində qadınların rolunu daha da gücləndirəcək.
Hazırda Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirik ki, bu demokratiyanın inkişafında önəmli addımdır. Yeni Milli Məclisin rəhbərliyində müxalifət – Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsinin yer alması tərəfimizdən çox müsbət qarşılanmışdır. Belə ki, müstəqillik dövründə Milli Məclisin vitse – spikerlərindən heç biri müxalifət partiyasının nümayəndəsi olmamışdır. Biz QHT nümayəndələri olaraq bu hadisəni demokratiya yolunda atılmış uğurlu bir addım kimi yüksək qiymətləndiririk.
Azərbaycanda dövlətin vətəndaşa olan qayğısı bütün sahələrdə və hər bir ağır situasiyada hiss olunur. Bu günlərdə ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkə başçısının bütün tibb işçilərinə, tibb xidmətinə olan qayğısı və diqqətidir. Sərəncam təkcə tibb işçilərinə olan diqqətin təzahürü deyil, bu ümumilikdə bütün vətəndaşlarımıza olan qayğıdır. Cənab Prezidentin bu addımı ümumilikdə bütün vətəndaşlarımızın təhlükəsizliyinə yönəlib ki, tibb işçilərimiz daha diqqətli, məsuliyyətli olmaqla vətəndaşlarımızın sağlamlığını qorumaqda daha da fədakarlıq göstərsinlər. Bu bütün vətəndaşlarımız üçün bir nümunədir. Ümumdünya Səhiyyə Təşkilatı özünün münasibətində, hesabatlarında da göstərir ki, Azərbaycanda koronovirusla bağlı dövlət səviyyəsində çox yüksək səviyyəli tədbirlər görürülür və görülməkdə də davam edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqına koronovirusla mübarizədə göstərdiyi diqqəti, qayğısı Heydər Əliyev Fondunun dünyanın ən aparıcı dövlətlərində olan müəyyən avadanlıqların gətirilməsi, təchiz olunması ilə bağlı addımları dövlət başçımızın, Birinci vitse-prezidentimizin xalqımıza, vətəndaşlarımıza olan qayğısıdır. Təbii ki, bütün bunlar alqışlanmalıdır.
Bu gün ölkə gündəmi və ümumilikdə dünyanın gündəmi koronavirus infeksiyasıdır…
Azərbaycan dövləti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir, ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resurslar səfərbər edilir. Prezidentin bu istiqamətdə imzaladığı son sərəncamlardan birində 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrıldı. Sərəncam ölkə iqtisadiyyatının sabitliyinin davamlığını və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədi daşıyır. Vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pul kütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir. Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etməklə, əhəmiyyətli təsir gücünə malik olacaq. Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldırılması ilə müqayisədə daha ucuz başa gəlir. Ümumiyyətlə, ayrılan vəsait mühüm sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldiləcək. Çünki koronavirus infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri artır. Digər tərəfdən, əhalinin sağlamlığını mühafizə etmək və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanda həyata keçirilən sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Qarşıda duran əsas vəzifələrdən biri də iqtisadiyyatın sabitliyinə olan mümkün təsirləri aradan qaldırmaq, əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir, dövlətimiz daim xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına da öz dəstəyini göstərib. Lakin bununla bərabər bu sahədə özəl sektorun sosial məsuliyyət təşəbbüsləri də ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir. Bu baxımdan son iki gündə bir sıra özəl şirkətlərin də təşəbbüsləri təqdir olunmalıdır. Beləliklə, sərəncam çərçivəsində görüləcək məqsədyönlü işlər nəticəsində makro-iqtisadi dayanıqlıq qorunacaq, əhalinin sosial rifahı və iqtisadi inkişaf təmin ediləcək.
Qalib Nəbiyev
Milli QHT Forumunun regional məsələlər üzrə vitse prezidenti