Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.
Qəzet qeyd edir ki, Azərbaycan Qarabağda tam qələbə qazandıqdan sonra Paşinyan Ermənistan daxilində gərginliyi azaltmaq məqsədilə növbədənkənar seçkilərə getmək niyyətindədir: “Paşinyan bununla bir neçə məsələni eyni anda həll etməyi düşünür. Birincisi, mövcud narazılığa baxmayaraq, səlahiyyətlərini növbəti dəfə uzadacaq və legitimləşdirəcək. İkincisi, özünə yaxın siyasi qüvvələri parlamentə gətirəcək”.
Qəzet yazır ki, Paşinyan son vaxtlar partiyanın idarə heyəti, eləcə də regional fəallarla tez-tez görüşür.
“Bu görüşlərdə həm də növbədənkənar seçkilərin müzakirə edildiyi haqda məlumatlar var. Paşinyanın əsas hədəflərindən biri də partiya daxilində gələcəkdə ona əngəl olacaq şəxslərdən yaxa qurtarmaq, onları əvəzləməkdir”, – qəzet yazır.