“İran” adı 1935-ci ildə Xarici İşlər Nazirliyinin təlimatı və o zamankı hökumətin tələbinə əsasən, Milli Şura Məclisi (parlament) tərəfindən təsdiq edilib.
Xalqxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi 25 dekabr 1934-cü ildə təklif irəli sürüb.
XİN-in İrandakı xarici diplomatik nümayəndəliklərə göndərdiyi məktubda onlardan “Persian” və “Perşia” adları yerinə “İran” adından istifadə etmələri istənilib.
Tanınmış tarixçi və ziyalılar Səid Nəfisi, Məhəmməd Fruği və Seyid Həsən Tağızadənin təklifi ilə baş tutan ad dəyişikliyi 21 mart 1935-ci ildən Rza şah Pəhləvinin fərmanı ilə rəsmiləşdirilib.
İkinci Dünya müharibəsi dövründə Tehran Konfransında iştirak edən Uinston Çörçill İran adının dəyişdirilərək “Perşia” adlandırılması barədə təklif irəli sürüb. Bu, amerikalıların narazılığına səbəb olub və İranda nüfuzunu gücləndirməkdə olan Amerika ad dəyişikliyinə icazə verməyib.
Tarixin bir çox dönəmlərində ölkədə hakim sülalələrin adları ilə tanınan ölkənin adının rəsmi olaraq İran adlandırılması bir sıra fars millətçilərinin də narazılığına yol açıb. Bu səbəbdən “Persian” və ya “Perşia” adının yenidən bərpa edilməsini, ölkənin bu adla tanıdılmasını tələb edən radikal millətçi qruplar və cərəyanlar hələ də mövcuddur.