“Qəzzada atəşkəs olmayacaq”.
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABC televiziyasına müsahibəsində deyib.
“Girovlarımızı azad etmədən Qəzzada atəşkəs olmayacaq. Qısa taktiki fasilələrə gəlincə, burada bir saat, orada bir saat, məncə, onlara humanitar yükləri və ya ayrı-ayrı girovları buraxmaq üçün əvvəllər imkanımız olub. Amma mən ümumi atəşkəsin olacağını düşünmürəm”, – o deyib.
Onun sözlərinə görə, bu, İsrailin hərbi səylərinə mane olacaq.
Baş nazir əlavə edib ki, Qəzzada atəşkəs İsrailin girovları azad etmək səylərinə də mane olacaq, çünki “HƏMAS-dakı bu cinayətkarlara qarşı işləyən yeganə şey İsrail tərəfindən tətbiq edilən hərbi təzyiqdir”.
Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal qruplaşması İsrailə hücum edib. Son məlumata görə, 1,4 min nəfərdən çox insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı anklavda 10 mindən çox insan həlak olub. İsrail ordusunun məlumatına görə, hazırda 240-dan çox insan HƏMAS-ın əsirliyindədir.