AQTA bu məhsullarla bağlı növbəti xəbərdarlıq etdi

 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Məlum olduğu kimi, “Qida Təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi xarici qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu Agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.

AQTA ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq. Bununla da, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir.

Sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.



Mənbə