Qarabağda antiterror tədbirlərinin aparılması vacib və labüd idi

 
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və  bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma yerdlarına qayıdışlarına start verildi. Bu gün azad edilən ərazilərdə geniş quruculuq işləri həyata keçirilir və bu işlər günü-gündən daha geniş vüsət alır. 
         Təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və onların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. 
Öz mənfur əməllərindən əl çəkməyən Ermənilər Qarabağ ərazisində müxtəlif provokasiyalara əl atır,  mütəmadi olaraq Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutur, ərazilərimizin minalanmasını davam etdirir, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılmasına cəhdlər edirdilər. Son vaxtlarda bu qeyri-qanuni birləşmələr tərəfndən Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər daha çoxalmışdı. Həmçinin düşmən tərəfindn döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması müşahidə olunurdu.
Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.
Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 
Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə məhv edilir. Bununla yanaşı ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Döyüş əməliyyatlarının aparıldığı ərazidə ordumuz humanizm nümayiş etdirərək bu ərazilərdə yaşayan erməni əhalisinə dəfələrlə müraciət edərək onların təhlükəsizliyinin təminatı üçün əlavə tədbirlər həyata keçirir. Eyni zamanda Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etsə də onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bəyan edib. Bildirilib ki, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcəkdir. 
Ona görə də ermənilər hazırki vəziyyəti düzgün dərk etməli, Azərbaycan tərəfinin tələblərini qəbul etməlidirlər. Əks halda antiterror tədbirləri davam etdiriləcək və silahlı müqavimətə cəhd edən düşmən qəhrəman Azərbatcan əsgəri tərəfindən məhv ediləcəkdir.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
 
 
 
 
 
 
 
 
 



Mənbə