TÜRKPA qanunsuz rejimin qondarma “prezident seçkiləri”ni pislədi

 
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Ermənistan tərəfindən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin 9 sentyabr 2023-cü il tarixində təşkil etdiyi qondarma “prezident seçkiləri”ni qətiyyətlə pisləyir.

Bu barədə TÜRKPA-nın Katibliyi bəyanat yayıb. 

Qeyd edilir ki, bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyası səylərinə zərbədir.

TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımdan çəkinməyə çağırır.



Mənbə