“İyul ayında ciddi şəkildə əmanətlərin azalması müşahidə olunub. Bunun da iki səbəbi var. Bu ilin əvvəlindən ertələnmiş qayda qüvvəyə mindi. Belə ki, depozitlərə 10 faizlik gəlir vergisi tətbiq olunur”.
Bunu “Xalqxeber.az“a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bu, kiçik depozit sahiblərinin marağını azaldıb:
“Məsələn, 4-5 min manat depozitdə pulu olan şəxs 8-9 faizlə 300-400 manat pul qazanırdı. İndi isə onun 10 faizini vergi şəklində verməlidir. Bu zaman isə onların bir çoxu depozitlərini geri çəkdi. Digər səbəb isə odur ki, bir çox insanlar yay tətili üçün depozitlərindən pul çəkdilər. Bundan başqa ödənişli ali təhsil müəssisələrinə qəbul olanlar var. Çox güman ki, onların valideynləri depozitdə olan vəsaitlərindən istifadə edərək təhsil haqqını ödəmək məcburiyyətində qaldılar. Bu obyektiv səbəblər də iyul ayında depozitlərin azalmasına səbəb olub.
Bu dinamikanın davam edib-etməyəcəyini indidən söyləmək çətindir. Yaxın 3 ayda eyni dinamikanı müşahidə edəcəyiksə, bu həm də o demək olacaq ki, əhalinin real gəlirləri azalır. Bu gəlirlər azaldıqca depozitdə olan vəsaitə müraciət etmək məcburiyyəti yaranır”.